Paraatletika üzrə “Açıq qapı” günü keçirəcək
Milli Paralimpiya Komitəsi (MPK) paraatletika idman növü üzrə yeni istedadların aşkar edilməsi, əlilliyi olan şəxslərin idmana cəlb olunmasının təşviq edilməsi və milli komanda üçün perspektivli idmançılardan ibarət ehtiyat bazasının formalaşdırılması məqsədilə “Açıq qapı” günü keçirəcək.
ERAmedia-ya MPK-dən bildirilib ki, “Açıq qapı” günü çərçivəsində 12-17 yaş aralığında olan iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə öz bacarıqlarını sınamaq və mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçmək imkanı əldə edəcəklər.
Tədbir sentyabrın 17-də saat 12:00-dan 14:00-dək Bakı Atletika Mərkəzində keçiriləcək. “Açıq qapı” günündə 12-17 yaşlı, qol və ya aşağı ətraf amputasiyası və inkişaf qüsuru, görmə məhdudiyyəti, cırtdanboyluluq və serebral iflici olan şəxslər iştirak edə bilərlər.
Milli Paralimpiya Komitəsi bu təşəbbüslə paraatletikanın daha geniş kütlələr arasında təbliğini, yeni istedadların üzə çıxarılmasını və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançıların müəyyənləşdirilməsini hədəfləyir.










