Paşinyan israrlıdır: “O getməlidir...”
Bütün Ermənilərin Katolikosu Nersisyan (hələlik II Qaregin) istefa verməyə məcbur olacaq.
ERAmedia xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu brifinq zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti katolikosu istefa verməyə məcbur etmək niyyətindədir. Paşinyan qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da istefa vermək istəmirdi, “amma o, bunu etməli idi”.
Siyasətçi əlavə edib ki, II Qareginin istefası heç bir qarışıqlıq olmadan, “xristian təvazökarlığı ilə” həyata keçiriləcək.
Noyabrın sonlarında Paşinyan ailəsinə məxsus “Armenian Time” qəzeti II Qareginin istefasına çağıran bəyanat dərc edib. Bəyanatda patriarxın seçilməsinin ədalətsiz olduğu və kilsə daxilində “qeyri-sağlam atmosfer” və böhranın yarandığı iddia edilib.
Hakimiyyətlə Erməni Apostol Kilsəsi arasındakı münaqişə ruhanilərin saxlanılması və həbsi ilə müşayiət olunub. Dərc olunduğu vaxt kilsənin dörd yüksək vəzifəli məmuru müxtəlif ittihamlarla həbsdədir. Kilsəni müdafiə edən sahibkar Samvel Karapetyan da həbs edilib. O, respublikada hakimiyyəti ələ keçirməyə açıq şəkildə çağırış etməkdə ittiham olunub.
Ural Dəyirmançı









