"Paşinyanın böyük üstünlüklə qalib gələcəyini düşünmək olar" - Araz Xan

“Ermənistanda parlament seçkilərinə iki gün qaldı. İndi hər kəsi düşündürən bir sual var. Kimin şansı daha çoxdur? Bunun üçün gəlin seçki kampaniyasının əsasən hansı qüvvələr arasında keçdiyinə və kimin nə təklif etdiyinə baxaq. Düşünürəm ki, seçki kampaniyası üç əsas rəqib arasında keçdi: Nikol Paşinyan, Robert Köçəryan və Samvel Karapetyan.”
Bu fikirləri ERAmedia – ya danışan Siyasi şərhçi Araz Xan deyib. Bildirib ki, əvvəlcə Paşinyanın seçki kampaniyasında verdiyi vədlərə nəzər salaq. Baş nazirin əsas vədi sülh oldu: “Paşinyan xüsusilə Azərbaycanla sərhəd olan ərazilərə səfərləri zamanı sakinlərə sülhün önəmindən danışır, onlara artıq cəbhədən ölüm xəbərləri əvəzinə əməkdaşlıq, ticarət xəbərlərinin gəldiyini izah edir və bu prosesin davam edəcəyi təqdirdə hər kəsin qazanclı çıxacağını deyirdi. Paşinyanın sülh vədi həm də faktlara əsaslanırdı. O, rahatlıqla indiyə kimi Azərbaycan vasitəsilə taxıl və digər məhsulların Ermənistana çatdırilmasını, ilk dəfə Azərbaycanın neft məhsullarından istifadə etdiklərini bununla da daxili bazarda ucuzlaşmanın baş verdiyini söyəyirdi.”
Araz Xan qeyd edib ki, məsələ burasındadır ki, keçmiş prezident Robert Köçəryan da Azərbaycanla sülhə sadiq qalacagını vəd edirdi, amma bu vədə Ermənistanda heç kimi inandıra bilmədi: “Çünki Köçəryan sülhün nə olduğunu heç özü də anlamır. Seçicilər isə vaxilə Köçəryanın Azərbaycanla müharibəni dəstəkləyən qüvvələrin dəstəyi ilə hakimiyyətə gəldiyini yaxşı xatırlayır. İndi onun sülhdən danışmasını isə səmimi qəbul etmirlər. Bu seçkilərdə Paşunyana əsas rəqib ola biləcək qüvvə isə milyarder Samvel Karapetyan idi. O, yüz minlərlə iş yeri açacağı vədi verirdi. Amma nədənsə seçicilər onun da vədinə məhəl qoymadı. Çünki son reytinq nəticələrinə görə nə Karapetyan, nə də Köçəryan Paşinyana yaxınlaşa bilib. Paşinyanın reytinqi 65 faizi ötüb. Əsas rəqibləri isə təqribən hərəsi 10 faiz nəticə göstərib.”
Son reytinq hesablamalarına baxsaq Paşinyanın böyük üstünlüklə qalib gələcəyini düşünmək olar. Bu Ermənistan xalqının sülhə səs verməsi olardı. Çünki Paşinyan qalib gələcəyi təqdirdə tezliklə yekun sülh müqaviləsinin imzalanması gözlənilir ki, bu da regionun gələcəyi üçün yeni səhifə deməkdir deyə Siyasi şərhçi əlavə edib.
Əlihüseyn Salam










