media-57665_b

Paşinyanın seçkiyə bir neçə gün qalmış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı siyasi və iqtisadi baxımdan diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, bu telefon danışığı bir tərəfdən rəsmi Ankaranın Ermənistan hakimiyyətinə dəstəyinin nümayişi, digər tərəfdən isə Nikol Paşinyanın seçki kampaniyasında irəli sürdüyü “sülh və normallaşma” proqramının praktiki addımı kimi qiymətləndirilə bilər.

Təhlilçi qeyd edib ki, Ərdoğanla təmas müxalifətin Paşinyana qarşı apardığı və Türkiyə ilə münasibətlərin normallaşdırılması naminə “erməni soyqırımı” iddialarından imtina edildiyini irəli sürən təbliğatı gücləndirsə də, Ermənistan baş nazirini bu addımı atmağa vadar edən əsas amil Rusiyanın ölkəyə qarşı iqtisadi təsir rıçaqlarını aktivləşdirməsi olub.

Asif Nərimanlının fikrincə, Paşinyan telefon danışığında iki əsas məsələyə diqqət yetirmiş ola bilər. Bunlardan biri Türkiyə ilə normallaşma prosesinin sürətləndirilməsi və sərhədlərin açılmasının tezləşdirilməsi, digəri isə Ermənistan-Türkiyə ticarət əlaqələrinin genişləndirilməsidir.

Təhlilçi bildirib ki, Rusiyanın iqtisadi təzyiqləri Ermənistanı alternativ imkanlar axtarmağa məcbur edir. Onun sözlərinə görə, İrəvan üçün əsas çıxış yolu Avropa bazarlarına çıxışın təmin edilməsi və Qərb investisiyalarının cəlb edilməsidir. Lakin Azərbaycanla sülh müqaviləsi imzalanmadan və Türkiyə ilə sərhədlər açılmadan bu məqsədlərə tam nail olmaq mümkün deyil.

“Asif Nərimanlı hesab edir ki, Ermənistan hakimiyyəti mövcud şəraitdə Bakı və Ankaranın timsalında regional alternativ formalaşdırmağa çalışır. Bu addım, xüsusilə Rusiyanın idxal məhdudiyyətləri fonunda erməni məhsullarının satış imkanlarının müəyyən qədər qorunmasına xidmət edə bilər”, – deyə məlumatda vurğulanır.

Təhlilçinin qənaətinə görə, Paşinyanın iyunun 7-dən əvvəl Ərdoğanla telefon danışığı aparması və ticarət əlaqələrini müzakirə etməsi həm də seçki kampaniyasına hesablanıb. O qeyd edib ki, Rusiyanın erməni məhsullarına tətbiq etdiyi məhdudiyyətlər Paşinyanı dəstəkləyən iş adamlarında narahatlıq yaradıb və onlar seçkilərdən sonra da eyni vəziyyətin davam etməsindən ehtiyat edirlər.

“Asif Nərimanlının fikrincə, Paşinyan iş adamlarına Rusiyaya alternativ bazarların mövcud olduğu mesajını verməyə çalışır və Türkiyə bazarının açılmasını mümkün çıxış yollarından biri kimi təqdim edir”, – deyə təhlilçi əlavə edib.

O bildirib ki, Paşinyan seçkilərdə qalib gəlsə belə, Moskvanın maraqlarına müəyyən təminatların əldə olunmasına qədər Rusiyanın iqtisadi təzyiqləri müəyyən müddət davam edə bilər. Bu prosesdə Azərbaycan və Türkiyənin Ermənistanın daha az itki ilə vəziyyətdən çıxmasına dəstək verməsi həm Bakı, həm də Ankaranın regional planlarına uyğun görünür.

Vural


media-adspc

Bənzər xəbərlər