Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI: İrəvana açıq XƏBƏRDARLIQ
Paşinyanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşü seçki öncəsi siyasi balansı qorumağa hesablanmış addım kimi qiymətləndirilir. Görüş fonunda həm daxili auditoriyaya mesaj vermək, həm də Moskvanın mümkün təsirini azaltmaq cəhdləri diqqət çəkir.
ERAmedia-nın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Nikol Paşinyan bu səfərlə ilk növbədə Rusiya ilə münasibətlərin gərgin olmadığı görüntüsünü yaratmağa çalışıb. Onun sözlərinə görə, bu addım xüsusilə Moskvaya bağlı elektorat və müxalif qüvvələrə yönəlmiş mesaj xarakteri daşıyır.
Ekspert qeyd edib ki, ikinci əsas məqsəd Rusiyanın seçki prosesinə mümkün müdaxiləsini neytrallaşdırmaqdır. Çünki Ermənistanda əsas rəqiblərdən biri olan Robert Koçaryan Kremlin dəstəyinə arxalanır və hakimiyyət dəyişikliyi üçün bundan istifadə etməyə çalışır. Eyni zamanda, rusiyalı milyarder Samvel Karapetyanın İrəvandakı fəaliyyəti də Moskvanın proseslərdə rolunu göstərən amillərdən biri kimi qiymətləndirilir.
Asif Nərimanlı vurğulayıb ki, görüş zamanı Vladimir Putinin səsləndirdiyi fikirlər Paşinyan üçün arzuolunan olmayıb. Putin Ermənistanda bütün siyasi qüvvələrin seçkidə iştirak etməsinin vacibliyini qeyd etməklə yanaşı, Rusiyada yaşayan ermənilərin də səsvermə hüququnun təmin olunmasını istəyib. Bu isə Rusiyapərəst qüvvələrə açıq dəstək mesajı kimi şərh olunur.
Bundan əlavə, Kremlin rəhbəri Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmaqla paralel şəkildə Avropa İttifaqına inteqrasiya istiqamətində addımlarını qəbuledilməz hesab etdiyini bildirib. Bu açıqlama İrəvanın xarici siyasət kursuna qarşı narazılığın göstəricisi kimi dəyərləndirilir.
Şərhçiyə görə, bütün bu məqamlar Rusiyanın Ermənistan seçkilərini öz mövqelərini gücləndirmək üçün fürsət kimi gördüyünü deməyə əsas verir. Bu səbəbdən də rəsmi İrəvan Qərbdən, xüsusilə Avropa İttifaqından dəstək axtarır və seçki prosesinə beynəlxalq müşahidə missiyalarının cəlb olunması planlaşdırılır.
Nəticə etibarilə, 7 iyun seçkilərinin yalnız daxili siyasi mübarizə deyil, həm də Rusiya ilə Qərb arasında geosiyasi rəqabətin əsas meydanlarından birinə çevriləcəyi ehtimal olunur.
Vural









