Paytaxtın daha 5 küçə piyadalaşdırılır - FOTO
Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edilib.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yaxın günlərdə bu məkanlarla bağlı dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.
Layihənin icrası nəticəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada küçələrinin ümumi uzunluğu ciddi şəkildə artacaq. Bununla da şəhər mərkəzinin piyada infrastrukturunun daha da inkişafı və genişləndirilməsi təmin ediləcək. Həmçinin Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki müstəqil piyada marşrutu formalaşacaq.
Piyadalaşdırılacaq küçələrin parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin bu küçələrə daxil olması üçün şərait yaradılacaq.
Qeyd edək ki, son olaraq paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər sakinləri və qonaqların ixtiyarına verilib.















