Paytaxtın drenaj problemi yenə gündəmdə – AÇIQLAMA
Bakı və Abşeron yarımadasında son günlər yağan güclü yağışlar yenidən şəhərdə ciddi problemlərə səbəb olub. Nəticədə paytaxtın bir sıra əraziləri su altında qalıb, nəqliyyat və gündəlik həyat iflic vəziyyətinə düşüb.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələ ilə bağlı bildirib ki, əvvəllər belə hallarda hökumət səviyyəsində dərhal müzakirələr aparılır, hesabatlar dinlənilir və cavabdeh şəxslər məsuliyyətə cəlb olunurdu. Onun sözlərinə görə, bu dəfə isə belə bir ictimai və rəsmi müzakirə müşahidə olunmur.
O qeyd edib ki, bu ilin əvvəlində Prezident tərəfindən təsdiqlənən “2026–2035-ci illər üçün Bakı və Abşeronda su, kanalizasiya və yağış suları sistemlərinin yenilənməsi ilə bağlı Dövlət Proqramı” bu sahədə ciddi dəyişikliklər vəd edir. Lakin proqramın qəbul olunmasına baxmayaraq, onun icrası ilə bağlı ictimaiyyətə açıq və detallı məlumat təqdim edilmir.
Osman Gündüzün sözlərinə görə, Bakıda mövcud infrastrukturun təxminən 40–50 il əvvəl qurulması, şəhərin isə dəfələrlə böyüməsi və əhali artımının ciddi səviyyəyə çatması problemi daha da kəskinləşdirib. Onun sözlərinə görə, kanalizasiya xidmətlərinin əhatə dairəsinin təxminən 50 faiz olması bu sahədə ciddi boşluqların olduğunu göstərir.
O əlavə edib ki, hazırkı vəziyyətdə cəmiyyət Dövlət Proqramının icrası ilə bağlı konkret cavablar gözləyir. Xüsusilə hansı sahələrə vəsait ayrıldığı, ilk mərhələdə hansı ərazilərdə drenaj və kollektor sistemlərinin qurulacağı, işlərin icra qrafiki və gözlənilən nəticələr barədə məlumatların ictimaiyyətə açıqlanması vacibdir.
Ekspert vurğulayıb ki, əsas narahatlıq yalnız problemlərin olması deyil, həm də bu problemlərlə bağlı hesabatlılığın zəif olmasıdır. Onun fikrincə, proqram qəbul olunduqdan sonra bu istiqamətdə açıq müzakirələr və mütəmadi hesabatlar təqdim edilməli idi.
Osman Gündüz qeyd edib ki, hazırda ictimaiyyət Dövlət Proqramının icrası ilə bağlı daha şəffaf yanaşma, real nəticələr və konkret plan gözləyir. Onun sözlərinə görə, bu addımlar atılmadığı halda, eyni problemlərin təkrarlanması riski qalır.
Vüsalə









