media-whatsapp-image-2026-09-11-at-12-48-26

Pəhləvi rejiminin Azərbaycan türklərinin milli kimliyinə və ana dilinə münasibəti ilə bağlı 1929-cu ilə aid sənəd ortaya çıxıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, bəzi şəxslərin bu gün Pəhləvi rejimini “türk rejimi” kimi təqdim etməyə çalışması tarixi faktlarla uzlaşmır. Onun sözlərinə görə, Güney Azərbaycanda Azərbaycan türklərinin tarixi adı, coğrafi kimliyi, mədəni irsi, ana dili və milli yaddaşına ən böyük zərbələrdən biri məhz Pəhləvilər hakimiyyəti dövründə vurulub.

Zaur Əliyev qeyd edib ki, bununla bağlı Pəhləvi dövrünə aid sənədlərdən biri xüsusi diqqət çəkir. Alimin təqdim etdiyi məlumata görə, sənəd 8 fevral 1929-cu ildə İran Maarif və Xeyriyyə Vəqfləri Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Maarif və Vəqflər İdarəsinin Təftiş şöbəsi tərəfindən göndərilib.

Sənəddə məktəbdə şagirdlərin Azərbaycan türkcəsində danışması ilə bağlı narazılıq ifadə olunur. Tərcüməyə əsasən, dairəvi raport əsasında həftənin müəyyən günündə saat 16:00-da şagirdlərin idman meydançasında olduğu zaman onların əksəriyyətinin türkcə danışdığı müəyyən edilib.

Məktəbdə yoxlama aparan müfəttiş Ağayi Məlki şagirdlərlə söhbət zamanı dördüncü sinifdə oxuyan Rəşid adlı şagirdə irad bildirib və ondan niyə türkcə danışdıqlarını soruşub. Müfəttiş məktəbdə şagirdlərə dəfələrlə yalnız fars dilində danışmalarının tapşırıldığını xatırladıb.

Sənəddə şagirdin cavabı da əksini tapıb. Rəşid bütün şagirdlərin türkcə danışdığını və məktəbdə bu məsələyə görə onlara hər hansı xəbərdarlıq edilmədiyini bildirib.

Məktubda daha sonra məktəb rəhbərliyinə həmin şagirdin töhmətlənməsi və danlanması barədə göstəriş verildiyi qeyd olunur. Məktəbin isə cavab olaraq şagirdlərin türkcə danışmadığını bildirdiyi yazılır.

Zaur Əliyevin təqdim etdiyi tərcüməyə görə, sənədin oxuna bilən hissəsinin sonunda idarə tərəfindən məktəb rəhbərliyinə ciddi göstəriş verilir. Həmin hissədə məktəbin qaydalara əməl etmədiyinə görə məsuliyyətə cəlb olunması və bundan sonra şagirdlərin ana dilində danışmasına güzəşt edilməməsi tələb olunur.

Tarixçi hesab edir ki, bu sənəd Pəhləvi hakimiyyəti dövründə Azərbaycan türkcəsinə və milli kimliyə münasibəti göstərən nümunələrdən biridir.

“Bu gün bəzi Azərbaycanlıların Pəhləvi rejimini türk kimi qələmə verməyə çalışması tarixi reallıqları dəyişmir. Sənədlər göstərir ki, Azərbaycan türklərinin ana dilinə münasibətdə ciddi məhdudiyyətlər mövcud olub”, – deyə Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Pəhləvi rejiminin yenidən hakimiyyətə gəlməsini arzulayanlar bu tarixi faktları da nəzərə almalıdırlar. Zaur Əliyev vurğulayıb ki, uşaqların məktəbdə öz ana dilində danışmasına belə nəzarət edilməsi həmin dövrdə dil və milli kimlik məsələsinə dövlət səviyyəsində necə yanaşıldığını göstərir.

Qeyd edək ki, 8 fevral 1929-cu il tarixli məktubun təqdim olunan hissəsinin tərcüməsi ilkin xarakter daşıyır. Sənədin farsca orijinalının tam mətninin və arxiv rekvizitlərinin ayrıca elmi şəkildə yoxlanılması tərcümənin dəqiqliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Vural


media-adspc

Bənzər xəbərlər