Pekin Tehrana dəstəyi artırır – Amma bir şərtlə…
İranın xarici işlər naziri Abbas Əraqçı Moskvadan sonra Pekinə səfər edib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Tehran iki əsas tərəfdaşından – Rusiya və Çindən – daha böyük siyasi dəstək gözləyir.
Onun sözlərinə görə, Ukraynaya qarşı davam edən müharibə Rusiyanın resurslarını ciddi şəkildə tükəndirib və bu səbəbdən Moskvanın İrana dəstəyi artırmaq imkanları məhdudlaşıb. Bu vəziyyətdə İranın diqqəti daha çox Çinə yönəlib.
Siyasi şərhçi qeyd edib ki, Pekin İranın ABŞ qarşısında zəifləməsini istəmir. Çinin xarici işlər naziri Van İ ilə Abbas Əraqçı arasında keçirilən görüşdə səsləndirilən “Çin İranın etibarlı strateji tərəfdaşıdır” mesajı da Vaşinqtona ünvanlanmış siyasi siqnal kimi qiymətləndirilir.
Elxan Şahinoğlunun fikrincə, Çin İranla siyasi etimadı gücləndirməyə və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Pekin eyni zamanda iki ölkə rəsmiləri arasında təmasların davam etdirilməsini vacib hesab edir.
Şərhçi vurğulayıb ki, Çin ABŞ və İsraildən fərqli olaraq İranın nüvə silahı əldə etməyə çalışdığına inanmır. Van İnin “Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır” açıqlaması da Pekinin mövqeyini ortaya qoyur.
Elxan Şahinoğlu xatırladıb ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək İrana qarşı bəzi qətnamələrin qəbuluna mane olub.
Bununla yanaşı, Pekin Tehranın Vaşinqtonla problemləri danışıqlar yolu ilə həll etməsini istəyir. Şərhçinin sözlərinə görə, Çin “Hörmüz boğazı” ətrafındakı gərginliyin davam etməsində maraqlı deyil. Çünki bu vəziyyət Çin iqtisadiyyatına mənfi təsir göstərir və Pekinin enerji təchizatında problemlər yaradır.
Elxan Şahinoğlu bildirib ki, Çin neft tələbatının böyük hissəsini uzun müddət “Hörmüz boğazı” üzərindən təmin edib və bölgədəki gərginlik Pekinin iqtisadi maraqlarına zərbə vurur. Bu səbəbdən Vaşinqton da Çinin Tehran üzərində təsir imkanlarından istifadə etməsini istəyir.
Siyasi şərhçinin fikrincə, Pekinin bu məsələdə oynayacağı rol ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərinə də müsbət təsir göstərə bilər. Bununla belə, Çin ABŞ-ın “Hörmüz boğazı”nın girişini nəzarətdə saxlamaq siyasətini qəbul etmir və Vaşinqtonun istəyi ilə birtərəfli şəkildə Tehrana təzyiq göstərmək niyyətində deyil.
Elxan Şahinoğlu hesab edir ki, Pekin problemin yalnız qarşılıqlı güzəştlərlə həll oluna biləcəyini düşünür. Ancaq hazırkı mərhələdə nə Tehran, nə də Vaşinqton “Hörmüz boğazı” ilə bağlı qarşılıqlı kompromisə hazır görünür.
Vural










