media-1600324086_1586773864_manaty

“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək və onların tətbiqi cari ayın ilk günündən hesablanacaq.

Deputatın sözlərinə görə, yeni qaydalara əsasən, müəyyən kateqoriyadan olan vətəndaşların pensiyalarına aylıq sabit əlavələr hesablanacaq. Beləliklə, onların fərdi şəxsi hesablarında toplanan pensiya kapitalı əsasında müəyyənləşdirilən məbləğə əlavə vəsait daxil ediləcək və nəticədə aylıq pensiya məbləği artacaq.

Vüqar Bayramov qeyd edib ki, hazırda sözügedən kateqoriyadan olan şəxslərin pensiyaları müəyyən hallarda fərdi hesablarında toplanmış kapital əsasında deyil, əməkhaqqı məbləğləri nəzərə alınmaqla müəyyənləşdirilir. Yeni dəyişikliklər isə sığorta mexanizminin gücləndirilməsini və pensiyaların fərdi hesablardakı yığımlar əsasında hesablanmasını nəzərdə tutur.

Dəyişikliklərin dövlət qulluqçularına, Müdafiə Nazirliyinin hərbi qulluqçularına və digər müəyyən kateqoriyadan olan şəxslərə şamil ediləcəyi bildirilir.

Deputat yeni mexanizmi nümunə əsasında izah edib. Belə ki, müvafiq kateqoriyaya daxil olan vətəndaşın 100 min manat pensiya kapitalı olduğu halda, bu məbləğin 85 faizi — 85 min manat fərdi hesabda nəzərə alınacaq. Yığım əsaslı aylıq pensiya məbləğini müəyyənləşdirmək üçün həmin vəsait 144-ə bölünəcək.

Beləliklə, 85 min manatın 144-ə bölünməsi nəticəsində aylıq pensiyanın yığım əsaslı hissəsi təxminən 590,2 manat təşkil edəcək. Yeni qaydalara əsasən, həmin şəxsin pensiyasına müvafiq sabit əlavə də hesablanacaq.

Nəticədə aylıq pensiyanın məbləği 590,2 manat və qanunvericiliklə müəyyən ediləcək əlavə vəsaitin cəmindən ibarət olacaq. Əlavənin konkret məbləği müvafiq qaydada müəyyənləşdiriləcək.

Vüqar Bayramovun sözlərinə görə, yeni qaydalar çərçivəsində pensiyaların və pensiya əlavələrinin proaktiv qaydada təyin edilməsi də nəzərdə tutulur. Bu o deməkdir ki, vətəndaşların pensiya və əlavələrin təyin olunması üçün dövlət qurumlarına ayrıca müraciət etməsinə ehtiyac qalmayacaq. Müvafiq məlumatlar elektron qaydada emal edilərək pensiya məbləği müəyyənləşdiriləcək və təyinat həyata keçiriləcək.

Deputat əlavə edib ki, aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək. Qanuna edilən dəyişikliklər təsdiqlənərkən müvafiq fərmanla bu səlahiyyəti həyata keçirəcək qurumun da müəyyən edilməsi gözlənilir.

Vural


media-adspc

Bənzər xəbərlər