media-674877983_10165462245532845_1376126012607808240_n

Qadınların pensiya yaşı ilə bağlı ATV telekanalında yayımlanan süjet ətrafında narazılıq yaranıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev sözügedən materialın tamamilə kontekstdən çıxarıldığını bildirib. Deputat qeyd edib ki, onun fikirləri efirdə təhrif olunaraq təqdim edilib.

“ATV-nin qadınların pensiya yaşı ilə bağlı mənimlə verdiyi süjet 100 faiz kontekstdən çıxarılıb. Heç olmasa 95 faiz, 99 faiz edərdiniz. Amma 100 faiz etmək artıq həddi aşmaqdır”, – deyə deputat vurğulayıb.

Razi Nurullayev bildirib ki, telekanal Milli Məclis deputatının fikirlərini tamamilə saxtalaşdırılmış şəkildə tamaşaçılara təqdim edib. O, bu vəziyyətdən ciddi narahatlıq keçirdiyini və təəssüf hissi duyduğunu ifadə edib.

Deputatın sözlərinə görə, müsahibəni təşkil edən əməkdaşlardan biri onunla əlaqə saxlayaraq üzr istəyib. Lakin Razi Nurullayev bu üzrxahlığı qəbul etmədiyini və müsahibənin orijinal variantının ona təqdim olunmasını tələb etdiyini açıqlayıb.

“Mən mətbuata açıq deputatam və çalışıram ki, mənə müraciət edən jurnalistlərin hamısına cavab verim. Bilirəm ki, bir çox vəzifəli şəxslər və deputatlar mətbuatdan uzaq dururlar və bəzi hallarda onları başa düşürəm”, – deyə o bildirib.

Deputat hesab edir ki, mətbuatla açıq münasibət saxlayan azsaylı deputatlar və vəzifəli şəxslər də bu cür halların davam etməsi vəziyyətində mediaya açıqlama verməkdən imtina edə bilərlər.

Razi Nurullayev əlavə edib ki, ölkəyə qarşı mənfi münasibət formalaşdırmağa çalışan qüvvələrin mövcud olduğu bir vaxtda belə halların baş verməsi təəssüf doğurur.

Deputat hazırda məsələ ilə bağlı hansı addımı atacağına dair yekun qərar vermədiyini bildirib. Bununla belə, o, telekanala ünvanladığı mesajında bunları deyib:

“Təəssüf edirəm, ATV, çox təəssüf edirəm”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər