media-pensiya

Azərbaycanda 2026-cı ilin ilk yarısında pensiyaların orta məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, bu göstərici orta aylıq əmək haqqının 51 faizinə bərabərdir.

Deputatın sözlərinə görə, hesabat dövründə yaşa görə pensiyanın orta məbləği 10,2 faiz, əlilliyə görə pensiyanın orta məbləği 10,5 faiz, ailə başçısını itirməyə görə pensiyanın orta məbləği isə 10,3 faiz artıb.

Vüqar Bayramov qeyd edib ki, pensiyaların orta məbləğindəki artım əsasən bu ilin yanvarından etibarən bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım da ilin ilk yarısında orta pensiya məbləğinin yüksəlməsinə təsir göstərib.

Deputat bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti indeksləşdirilməsi gələn ilin yanvarında həyata keçiriləcək.

“Gələn ilin əvvəlində pensiyaların artımı 2026-cı il üzrə orta aylıq əmək haqqındakı rəsmi artım faizinə uyğun olaraq müəyyənləşdiriləcək. Yəni bu ilin yekununda orta aylıq əmək haqqının nə qədər artdığı pensiyaların gələn ilin yanvarında indeksləşdirilməsi zamanı əsas göstəricilərdən biri olacaq”, – deyə Vüqar Bayramov vurğulayıb.

O əlavə edib ki, pensiyaların indeksləşdirilməsi nəticəsində yaranan artımlar ümumilikdə 1 milyon 100 min vətəndaşı əhatə edir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər