Pentaqon İranla müharibə üçün 200 milyard dollardan çox vəsait istəyib
ABŞ Müdafiə Nazirliyi İranla mümkün müharibə əməliyyatlarını maliyyələşdirmək üçün 200 milyard dollardan artıq büdcə vəsaiti ayrılması ilə bağlı müraciət edib.
ERAmedia xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Məlumata görə, Pentaqon Ağ Evdən Konqresə 200 milyard dollardan çox məbləğdə maliyyə sorğusunun göndərilməsini təsdiqləməyi xahiş edib. Lakin administrasiyadakı yüksək vəzifəli rəsmilərdən birinin sözlərinə görə, bu müraciətin müharibəyə qarşı çıxan qanunvericilər tərəfindən ciddi müqavimətlə qarşılanacağı gözlənilir.
Ağ Evdəki bəzi rəsmilər hesab edir ki, Müdafiə Nazirliyinin təqdim etdiyi büdcə sorğusunun Konqresdə təsdiqlənməsi üçün real şansları yoxdur.
Pentaqon qanunvericilərə bildirib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatının ilk həftəsində xərclər 11,3 milyard dollar təşkil edib. Qeyd olunub ki, bu məbləğ yalnız ilkin zərbələr zamanı istifadə olunan sursatların dəyərini əhatə edir.
Bildirilib ki, göstərilən rəqəmə qoşunların yerləşdirilməsi, logistika və davam edən hərbi əməliyyatların digər xərcləri daxil deyil. Bu isə ümumi xərclərin artıq daha yüksək olduğunu göstərir.
Vural









