Pezeşkiandan diqqətçəkən AÇIQLAMALAR
İran prezidenti Məsud Pezeşkian rəsmi səfərlə Tehrana gələn Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi marşal Asim Munir ilə görüşüb.
ERAmedia xəbər verir ki, görüşdə atəşkəs prosesi, regional gərginlik və iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Görüş zamanı Pezeşkian Pakistanın vasitəçilik və diplomatik təmaslardakı roluna diqqət çəkərək İslamabad rəhbərliyinə təşəkkür edib. O, İranın regional sülh, sabitlik və qardaşlıq münasibətlərini dəstəklədiyini vurğulayaraq, İran xalqının hüquqlarının beynəlxalq hüquq çərçivəsində qorunmasının vacibliyini bildirib.
Pezeşkian görüşdə regional inkişaflara toxunaraq, İslam dünyasında birliyin əhəmiyyətini ön plana çıxarıb. O qeyd edib ki, “İran bütün İslam ölkələrini qardaş hesab edir. Bölgədə baş verən müharibə və sabitsizliyin əsas səbəblərindən biri sionist rejimin İslam ölkələri arasında parçalanma yaratmaq cəhdləridir. Buna görə İslam ümməti birlik və əməkdaşlıq içində olmalı, müsəlman torpaqlarının müsəlmanlara qarşı istifadə edilməsinə icazə verilməməlidir”.
Pezeşkian İslam ölkələri arasında birlik təmin olunarsa, regionun müharibəyə sürüklənməsinin qarşısının alına biləcəyini deyib. O, Pakistanın bu istiqamətdəki fəaliyyətini müsbət qiymətləndirərək digər İslam ölkələrini də oxşar mövqe sərgiləməyə çağırıb.
ABŞ və İsrailin İrana qarşı hücumlarına da toxunan Pezeşkiyan bildirib ki, bu hücumlar nəticəsində “ali rəhbərin şəhid edilməsi, məktəb və xəstəxanaların dağıdılması, günahsız uşaqların və insanların öldürülməsi hansı hüquqla izah oluna bilər?” O, İranın sabitliyi pozmaq niyyətində olmadığını, lakin qonşu ölkələrlə qardaşlıq münasibətlərini inkişaf etdirmək istədiyini qeyd edib.
Pezeşkian həmçinin vurğulayıb ki, İran beynəlxalq hüquqa sadiqdir və müharibənin bitməsindən sonra region ölkələri əməkdaşlığı gücləndirərək davamlı sülh və təhlükəsizliyi təmin etməlidir. O əlavə edib. “Niyə region ölkələri öz təhlükəsizliklərini müstəqil şəkildə təmin edə bilməsin? Avropa NATO kimi mexanizmlərlə təhlükəsizliyini təmin etdiyi kimi, İslam ölkələri də ortaq dəyərlər əsasında əməkdaşlıq edə bilər”, – deyə o bildirib.
ABŞ-a etimadsızlıq məsələsinə də toxunan Pezeşkian bildirib ki, İran xalqı dəfələrlə öhdəliklərin pozulması və danışıqlar zamanı hücumlar səbəbindən ABŞ-a güvənmir. Buna baxmayaraq, İran Pakistan da daxil olmaqla dost ölkələr vasitəsilə dialoqu davam etdirir.
O, həmçinin xəbərdarlıq edərək deyib ki, bu münaqişə heç bir tərəfə fayda verməyəcək:.“ABŞ bu qarşıdurmada qalib gəlməyəcək, əksinə region ölkələri və dünya ağır bədəl ödəyəcək. Bu prosesdən faydalanmağa çalışan yeganə tərəf sionist rejimdir”, – o deyib.
Pakistan tərəfi isə Pezeşkianla görüşdən məmnunluğunu ifadə edərək İranın qonaqpərvərliyinə görə təşəkkür edib. Asim Munir regiondakı vəziyyətə toxunaraq bildirib ki, müharibə başa çatdıqdan sonra bölgə əvvəlki vəziyyətinə qayıtmayacaq və ölkələr yenidənqurma və sabitlik üçün əməkdaşlıq etməlidir.
O, Çin, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin diplomatik səylərə verdiyi dəstəyi qeyd edərək bu əməkdaşlıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Munir həmçinin yaxın zamanda razılaşmanın əldə olunacağına ümid etdiyini bildirərək deyib. “Qısa müddətdə razılaşma əldə ediləcəyinə inanırıq. Bu müharibə dağıntı və itkidən başqa nəticə verməyəcək”, – deyə o qeyd edib.
Vural









