media-whatsapp-image-2026-10-22-at-10-39-09

Bu gün Vətən Müharibəsi qəhrəmanı, Azərbaycan hərbi aviasiyasının igid nümayəndələrindən biri Ramiz Qasımovun anım günüdür.

ERAmedia xəbər verir ki, 1975-ci ildə anadan olan və 2020-ci ildə həyatını itirən Ramiz Qasımov 44 günlük Vətən Müharibəsi zamanı düşmənin mühüm hərbi obyektlərinin sıradan çıxarılmasında iştirak edən pilotlardan biri kimi yadda qalıb.

Onun rəhbərlik etdiyi ekipajın idarə etdiyi Mi-17 tipli döyüş vertolyotu ilə həyata keçirilən əməliyyatlar cəbhənin Tərtər–Madagiz–Talış istiqamətində xüsusi əhəmiyyət daşıyıb. Uzun mənzilli “SPAYK” raketləri ilə silahlandırılmış vertolyot vasitəsilə düşmənin strateji hərbi hədəflərinə zərbələr endirilib.

Hərbi əməliyyatlar zamanı məhv edilən dörd mühüm qurğudan üçünün “9K33 OSA” tipli özüyeriyən zenit-raket kompleksləri olduğu bildirilir. Bu sistemlər motoatıcı diviziyaların və digər hərbi birləşmələrin aşağı hündürlükdə uçan hava vasitələrinin hücumlarından müdafiəsi üçün nəzərdə tutulurdu.

Sözügedən zenit-raket komplekslərinin sıradan çıxarılması Azərbaycan Ordusunun həmin istiqamətdə hərəkət imkanlarının genişlənməsinə və artilleriya üstünlüyünün təmin edilməsinə əlverişli şərait yaradıb.

Məlumatlara əsasən, əməliyyatlar çərçivəsində məhv edilən digər hədəf isə Rusiya istehsalı olan “P-19” radiolokasiya stansiyası olub. Düşmənin hava hücumundan müdafiə imkanlarını zəiflədən bu zərbələr ümumi döyüş tapşırıqlarının icrası baxımından mühüm əhəmiyyət daşıyıb.

Ramiz Qasımovun rəhbərliyi altında həyata keçirilən əməliyyatlar nəticəsində düşmənə ümumilikdə 30 milyon 900 min ABŞ dolları məbləğində ziyan dəydiyi qeyd olunur.

Vətən Müharibəsində göstərdiyi şücaət və hərbi tapşırıqların yerinə yetirilməsindəki rolu ilə seçilən Ramiz Qasımov Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutur. Onun döyüş yolu Vətənə sədaqətin, peşəkarlığın və fədakarlığın nümunəsi kimi xatırlanır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər