PISA 2025-də regional təhsil fərqi: Bakı bəzi rayonları 100 bal qabaqlayır
PISA 2025 nəticələri cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, əvvəlki qiymətləndirmə ilə müqayisədə indiki dinamikanın kifayət qədər yüksək olması təqdirəlayiqdir.
Onun sözlərinə görə, Azərbaycan hər üç istiqamət üzrə ən böyük irəliləyiş göstərən ölkələr sırasında ikinci olub. Xüsusilə Bakı üzrə nəticələr diqqətçəkəndir. 2022-ci illə müqayisədə paytaxtda riyaziyyat üzrə nəticə 63 bal, təbiət elmləri üzrə 60 bal, oxu üzrə isə 40 bal artıb. Riyaziyyatda Bakı 397 baldan 460 bala yüksəlib.
Osman Gündüz qeyd edib ki, bu irəliləyişləri görməmək və qeyd etməmək ədalətsizlik olardı.
Bununla belə, o vurğulayıb ki, əldə olunan nəticələr Azərbaycan təhsilində problemlərin artıq həll olunduğu anlamına gəlmir:
“Əksinə, PISA datası görüləcək işlərin də miqyasını göstərir. Ölkə üzrə riyaziyyatda şagirdlərin yalnız 48 faizi baza səviyyəsinə və ya ondan yuxarıya çata bilib. Yəni yarıdan çoxu bu həddən aşağıdır. OECD üzrə isə bu göstərici 65 faizdir”.
Osman Gündüz PISA 2025 nəticələri açıqlanarkən Bakı ilə regionlar arasında müşahidə olunan kəskin fərqlə bağlı elm və təhsil naziri Emin Əmrullayevə sual ünvanladığını da xatırladıb. Onun sözlərinə görə, nazir bu fərqin daha çox regionlarda ibtidai təhsilin keyfiyyəti ilə bağlı olduğunu bildirib.
Azərbaycan İnternet Forumunun rəhbəri Bakı ilə ayrı-ayrı iqtisadi rayonlar arasındakı nəticə fərqinin regional bərabərsizlik məsələsinə yenidən diqqət yetirməyi zəruri etdiyini düşünür.
“Cədvəldən görünür ki, Bakı ilə ən aşağı nəticə göstərən iqtisadi rayon arasında 100 ballıq fərq yaranıb. Bu, hədsiz böyük fərqdir və məncə, üzərində ayrıca dayanmalı olduğumuz məsələdir”, – deyə Osman Gündüz bildirib.
O qeyd edib ki, bu fərqin yaranmasının bir sıra səbəbləri ola bilər. Bunlara regionlarda ibtidai təhsilin zəif olması, müəllim təminatı və müəllimlərin peşəkarlıq səviyyəsindəki fərqlər, məktəblərin infrastrukturu və resurslara çıxış imkanları, ailələrin sosial-iqtisadi vəziyyəti, valideynlərin təhsil səviyyəsi, eləcə də şəhər və kənd məktəbləri arasındakı imkan fərqləri daxildir.
Osman Gündüzün fikrincə, növbəti mərhələdə təhsil siyasətinin əsas hədəflərindən biri məhz regional təhsil fərqinin kəskin şəkildə azaldılması olmalıdır.
O, PISA göstəricilərinin şərhi ilə bağlı maraqlı bir müqayisəyə də diqqət çəkib. Bildirib ki, PISA-da 20 bal bir tədris ilinə uyğun öyrənmə fərqini təsəvvür etmək üçün istifadə olunan yanaşmalardan biridir.
“Bu yanaşmanı yalnız şərti müqayisə kimi götürsək, Bakı ilə Mil-Muğan arasındakı 100 ballıq fərqin miqyası təxminən 5 tədris ilinə bərabər öyrənmə fərqi təsəvvürü yaradır”, – deyə o qeyd edib.
Osman Gündüz vurğulayıb ki, bu, sözün birbaşa mənasında “Mil-Muğan Bakıdan 5 il geridədir” demək deyil. Lakin onun fikrincə, bu müqayisə problemin miqyasını göstərən çox ciddi siqnaldır.
Əli Fərhad










