Politoloqdan sensasion İDDİA: “ABŞ-ın bu strategiyası iflasa uğrayır”
ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan dövlət səfərinin tarixi rəsmən açıqlanıb. Səfərin mayın 13-15-də baş tutacağı həm Vaşinqton, həm də Pekin tərəfindən təsdiqlənib.
ERAmedia xəbər verir ki, politoloq Elxan Şükürlü bildirib ki, hazırda dünyanın aparıcı analitik dairələri və nüfuzlu “beyin mərkəzləri” diqqəti Tramp-Si Cinpin görüşünə yönəldib. Onun sözlərinə görə, qlobal liderlik uğrunda rəqabət aparan iki böyük gücün görüşü beynəlxalq siyasətin gələcək istiqamətlərinə ciddi təsir göstərə bilər.
Politoloq hesab edir ki, Donald Trampın Çinlə hansı məsələlərdə uzlaşacağı təkcə onun və Respublikaçılar Partiyasının siyasi perspektivini deyil, həm də ABŞ-ın dünya siyasətindəki gələcək mövqeyini müəyyənləşdirəcək.
Elxan Şükürlü iddia edib ki, Tramp administrasiyası əvvəlcə Venesuelada, daha sonra isə İranda geosiyasi üstünlük əldə etməyə çalışıb. Onun fikrincə, Vaşinqtonun əsas məqsədi enerji resurslarına və strateji nəqliyyat marşrutlarına nəzarəti gücləndirməklə Çinə təzyiq imkanlarını artırmaq olub.
Politoloqun qənaətinə görə, ABŞ İranla bağlı planlarında gözlədiyi nəticəni əldə edə bilməyib. O bildirib ki, Tehran diplomatik manevrlərlə prosesi uzadaraq vaxt faktorunu Çinin xeyrinə dəyişməyi bacarıb:
“Tramp düşünürdü ki, qısa müddətdə İranda hakimiyyət dəyişikliyinə nail olacaq. Lakin İranın müqaviməti ABŞ-İsrail ittifaqının planlarını pozdu və nəticədə Vaşinqton həlledici nəticə əldə edə bilmədi”.
Elxan Şükürlü qeyd edib ki, ABŞ-ın uzun illərdir həyata keçirməyə çalışdığı “Çini təcridetmə və mühasirəyə alma” strategiyası hazırda ciddi böhran yaşayır. Onun sözlərinə görə, Vaşinqtonun Rusiya, Türkiyə və İranda özünə yaxın hakimiyyətlər formalaşdırmaq planı nə Bayden, nə də Tramp administrasiyası dövründə reallaşmayıb.
Politoloq vurğulayıb ki, son illərdə Rusiya, Türkiyə, İran və Çin arasında əməkdaşlığın daha da güclənməsi ABŞ-ın Mərkəzi Asiya, Əfqanıstan və Cənubi Qafqazla bağlı planlarını çətinləşdirib.
Elxan Şükürlü həmçinin hesab edir ki, İranla qarşıdurma ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu da zəiflədib.
“Özünü qoruya bilməyən hərbi baza başqalarını necə qoruya bilər?” – deyə o əlavə edib.
Politoloqun fikrincə, Donald Tramp 2017-ci ildən fərqli olaraq bu dəfə Çinə artıq ABŞ-ın “qlobal lider” statusunun ciddi şəkildə sarsıldığı bir dövrdə səfər edir.
Elxan Şükürlü sonda bildirib ki, Tramp-Si Cinpin görüşü Alyaskada keçirilən Tramp-Putin görüşünün davamı kimi qiymətləndirilə bilər və bu proses yeni dünya nizamının formalaşması istiqamətində mühüm mərhələ hesab olunur.
Vural









