Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq - ŞƏRH
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa ölkələri ilə sıx əməkdaşlıqdır. Təkcə iyul ayında baş tutan qarşılıqlı səfərlər bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Ayın əvvəlində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ardınca Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfər edib. Bu baxımdan, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də bu ölkə ilə ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
ERAmedia xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Deputat qeyd edib ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi qəbul edir, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirir. Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən bu ildən Almaniya və Avstriyaya təbii qaz ixrac edir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə istinad edən V.Rəhimzadə vurğulayıb ki, Almaniya və Avstriyaya qaz ixracı Avropa bazarında mövqelərin daha da genişləndirilməsinə xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan boru kəmərləri ilə qaz ixracının coğrafiyasına görə dünyada birinci yerdədir və yeni bazarlara çıxış, eləcə də mövcud tədarükün artırılması istiqamətində danışıqları davam etdirir.
V.Rəhimzadənin sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına və yeni perspektivlərin açılmasına töhfə verəcək. Münasibətlərin inkişafında qarşılıqlı etimad və iqtisadi amil mühüm rol oynayır. Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas ölkələrindən biridir. Orta Dəhliz isə Avropa ilə Mərkəzi Asiyanı birləşdirən etibarlı marşrut kimi Almaniyanın region bazarlarına çıxışı və qlobal təchizat zəncirlərinin dayanıqlığının artırılması baxımından mühüm imkanlar yaradır.
“Hər bir səfərin əhəmiyyətini göstərən əsas amillərdən biri imzalanan sənədlərdir. Prezident İlham Əliyev və Kansler Fridrix Merts imzaladıqları “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq siyasətinin yeni mərhələsini ifadə edir, ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji məkanında etibarlı, proqnozlaşdırılabilən və məsuliyyətli tərəfdaş statusunu daha da möhkəmləndirir. Bu sənəd Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin miqyasını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha təsdiqləyir. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə isə iqtisadi münasibətləri yeni institusional mərhələyə yüksəldərək dövlət qurumları ilə özəl sektor arasında sistemli və davamlı dialoq mexanizmi formalaşdırır. Biznes Şurası iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayacaq”, – deyə o fikrini yekunlaşdırıb.









