media-17875102146142858518_1200x630

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Buxara şəhərinə baş çəkməsi üç mühüm aspektdən əhəmiyyət daşıyır.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, Buxara səfəri ilk növbədə Azərbaycanla Özbəkistan arasında tarixi bağların simvolik ifadəsidir.

Onun sözlərinə görə, İslam və Türk dünyasının tarixi mərkəzlərindən biri olan Buxara ilə Azərbaycanın qədim əlaqələri mövcuddur. XV əsrdə Asiyadan gələn tacirlər tərəfindən inşa edilmiş İçərişəhərdəki Buxara karvansarayı da bu tarixi bağların simvollarından biridir. Asif Nərimanlı qeyd edib ki, İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Daşkənddən sonra Buxarada da görüşməsi iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara əsaslanmadığını, eyni zamanda ortaq tarixi bağlara söykəndiyini göstərir.

Siyasi təhlilçi hesab edir ki, səfərin ikinci mühüm aspekti İpək Yolu irsinin müasir dövrdə davam etdirilməsinin nümayişidir.

Asif Nərimanlının fikrincə, Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik tarixi İpək Yolu üzərində formalaşan Orta Dəhlizin perspektivlərinin güclənməsində mühüm amildir. Qədim İpək Yolunun əsas mərkəzlərindən biri olan Buxara bu gün də regionlararası nəqliyyat və logistika əlaqələri baxımından əhəmiyyətli mövqeyə malikdir.

O bildirib ki, Prezident İlham Əliyevin Buxaranı ziyarət etməsi tarixi İpək Yolunun davamı kimi qiymətləndirilən Orta Dəhlizdə Azərbaycanın roluna diqqət çəkən siyasi mesaj kimi də qəbul edilə bilər.

Asif Nərimanlı Buxara səfərinin üçüncü mühüm istiqamətinin Türk dünyasının birliyi ilə bağlı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətləri yalnız Mərkəzi Asiya ilə Cənubi Qafqazın və bu regionlardan keçən nəqliyyat-logistika xətlərinin əlaqələndirilməsi baxımından deyil, Türk dünyasının gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır.

Siyasi təhlilçi qeyd edib ki, İlham Əliyevin qədim Türküstan elinin mühüm mərkəzlərindən biri olan Buxaranı ziyarət etməsi tarixi köklərə bağlılığın nümayişidir. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya və Cənubi Qafqaz arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, Türkiyə ilə yanaşı digər türk dövlətləri ilə strateji müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əsas hədəflərindən birinin Türk dünyasının gücləndirilməsi olduğunu göstərir.

Asif Nərimanlının fikrincə, bu baxımdan Prezident İlham Əliyevin Buxara səfəri həm Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi və strateji mahiyyətini, həm də daha geniş anlamda Türk dünyasının inteqrasiyası istiqamətində formalaşan yeni geosiyasi mənzərəni nümayiş etdirir.


media-adspc

Bənzər xəbərlər