media-17846333192563821705_1200x630

Almaniyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşlər keçirib.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik Almaniya ilə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi Azərbaycanın xarici ticarət siyasətində prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, əsas məqsədlərdən biri qeyri-neft-qaz sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və Almaniya bazarında Azərbaycan məhsullarının çeşidinin artırılmasıdır.

Deputat qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 376 milyon dollara çatır və iki ölkə arasında 2355 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Bu isə xüsusilə idxalda məhsul çeşidinin kifayət qədər geniş olduğunu göstərir.

Vüqar Bayramovun sözlərinə görə, Almaniyadan idxal olunan əsas məhsullar sırasında qızıl, zolaqlar və lentlər (95,859 milyon dollar), mühərrikinin həcmi 1500–3000 kub santimetr olan minik avtomobilləri (48,413 milyon dollar), yük avtomobilləri (39,840 milyon dollar), dərman vasitələri (36,691 milyon dollar), elektrik mühərrikli nəqliyyat vasitələri (34,443 milyon dollar), sürtkü yağları (27,903 milyon dollar), traktorlar (18,169 milyon dollar), mühərrikinin həcmi 3000 kub santimetrdən çox olan minik avtomobilləri (16,773 milyon dollar), yalnız elektrik mühərriki ilə işləyən avtomobillər (15,159 milyon dollar), yedək və yarımyedək sisternlər (13,962 milyon dollar), elektrik avadanlıqları, tibbi cihazlar, sayğac hissələri, heyvan yemi, qida sənayesi məhsulları və digər mallar yer alır.

Deputat bildirib ki, Azərbaycanın Almaniyaya ixracında isə enerji məhsulları əsas paya malikdir. Belə ki, 2025-ci ildə Almaniyaya 502 milyon dollar dəyərində xam neft və neft məhsulları ixrac olunub. Bununla yanaşı, qabığı təmizlənmiş meşə fındığı (40,403 milyon dollar), neft-qaz buruqlarının qazılması üçün nasos-kompressor boruları (967 min dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (477 min dollar) və digər məhsullar da Almaniya bazarına çıxarılıb.

Vüqar Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşlərin yalnız ticarət dövriyyəsinin həcminə deyil, həm də onun strukturuna müsbət təsir göstərəcəyi gözlənilir. Deputatın fikrincə, qarşıdakı dövrdə Almaniyaya daha çox qeyri-neft-qaz məhsullarının ixracının artırılması əsas prioritetlərdən biri olacaq.


media-adspc

Bənzər xəbərlər