media-zpy0p97r7dfugx8odhdfd5l1bdvewfcsqslwueju_1200

Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı ekspertlər arasında müzakirə olunmaqda davam edir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, çıxışdan əsas nəticələrdən biri Putinin Ukraynaya qarşı müharibəni davam etdirmək niyyətində olmasıdır.

Onun sözlərinə görə, Rusiya Prezidenti müharibənin ölkəsi üçün mənfi nəticələrinin olduğunu etiraf etsə də, Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaqdan başqa alternativinin olmadığını iddia edir.

Elxan Şahinoğlu qeyd edib ki, Putinin çıxışında Azərbaycanla bağlı diqqətçəkən məqamlardan biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı fikirləridir:

“Putin Rusiyanın bu layihəyə böyük əhəmiyyət verdiyini bildirib. Marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini xatırladan Rusiya Prezidenti ölkəmizlə bağlı hər hansı problemin olmadığını, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ barədə əlaqə saxladığını vurğulayıb”.

Siyasi şərhçinin fikrincə, Putin bununla yanaşı, “Şimal-Cənub” dəhlizinin reallaşmasında əsas problemin İranla bağlı olduğunu açıq şəkildə ifadə edib. Rusiya Prezidenti bildirib ki, Moskva kredit resursları ayırmağa hazırdır, lakin İran tərəfi öz üzərinə düşən işləri tamamlamalıdır.

“Putin faktiki olaraq demək istəyib ki, layihənin ləngiməsində İranın üzərinə düşən öhdəlikləri tam yerinə yetirməməsi əsas amillərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev də daha əvvəl bildirmişdi ki, “Şimal-Cənub” dəhlizində çatışmayan əsas dəmir yolu hissəsi İran ərazisindədir”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

O bildirib ki, təxminən 7,2 min kilometr uzunluğunda olan “Şimal-Cənub” marşrutu Rusiya, Azərbaycan və İran üzərindən Hindistan istiqamətində yükdaşımaların sürətləndirilməsini və Süveyş kanalı üzərindən keçən ənənəvi dəniz marşrutuna alternativ yaradılmasını nəzərdə tutur.

“Avropa ölkələrinin sanksiyaları ilə üzləşən Rusiya üçün bu dəhlizin əhəmiyyəti getdikcə artır. Moskva Hind okeanına çıxış üçün alternativ yollar axtarır və “Şimal-Cənub” dəhlizi vasitəsilə Hindistan və digər ölkələrlə ticarət əlaqələrini genişləndirmək istəyir”, – siyasi şərhçi deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, layihənin tam gücü ilə fəaliyyətə başlamasının qarşısında geosiyasi maneələr də var:

“ABŞ-İran gərginliyi davam etdiyi, regionda yeni hərbi qarşıdurma ehtimalı qaldığı müddətdə dəhlizin tam gücü ilə işə düşməsi problemli görünür. Hindistan da bu layihənin reallaşmasında maraqlıdır. Ancaq Yeni Dehli bunun üçün İran ətrafında gərginliyin azalmasını, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını istəyir”.

Siyasi şərhçi hesab edir ki, Hindistanın mövqeyi Putinin son çıxışında da öz əksini tapıb. Onun sözlərinə görə, Rusiya Prezidenti Hindistanın Baş naziri Narendra Modinin görüşlər zamanı Ukrayna məsələsini daim gündəmə gətirdiyini bildirib.

“Modi Putinlə son görüşündə açıq şəkildə müharibənin dayandırılmasının vacibliyini, qarşıdurmanın davamının heç bir ölkəyə fayda vermədiyini deyib. Putin Hindistan Baş nazirinin bu mövqeyindən narazılığını biruzə verməməyə çalışsa da, “Valday” çıxışında Modinin münaqişə tərəfləri üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib”, – deyə Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, bu məqam Hindistanın həm Rusiya-Ukrayna müharibəsinin, həm də İran ətrafında gərginliyin aradan qaldırılmasında maraqlı olduğunu göstərir. Bu amillər isə “Şimal-Cənub” dəhlizinin gələcəyi baxımından bir-biri ilə sıx bağlıdır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər