Putin–Paşinyan görüşündə gərgin MESAJLAR: Ermənistan hansı yolu seçəcək?
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçirilən son görüş gərgin mesajlarla yadda qaldı. Tərəflərin mətbuat qarşısındakı çıxışları zamanı qarşılıqlı ittihamların səslənməsi diqqət çəkdi.
Siyasi şərhçi Elxan Şahinoğlu məsələ ilə bağlı ERAmedia-ya açıqlamasında bildirib ki, Kremlin bu dəfəki mesajı əvvəlkilərdən daha sərt və konkret olub.
Onun sözlərinə görə, Putin açıq şəkildə İrəvan qarşısında seçim qoyaraq, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqını eyni anda seçməyin mümkünsüz olduğunu vurğulayıb.
Şərhçi qeyd edib ki, oxşar xəbərdarlıq vaxtilə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç üçün də səsləndirilmişdi və bunun nəticələri region üçün ağır olub. “Bu baxımdan, Kreml rəhbərinin Paşinyana mesajı dolayısı ilə xəbərdarlıq xarakteri daşıyır. Yəni yanlış geosiyasi seçim Ermənistan üçün ciddi risklər yarada bilər”, – deyə o bildirib.
Elxan Şahinoğlu vurğulayıb ki, Paşinyanın cavabı isə daha ehtiyatlı və zaman qazanmağa hesablanmış mövqe kimi qiymətləndirilə bilər. Ermənistan baş nazirinin “ölkə hələ belə bir seçim mərhələsinə çatmayıb” deməsi, əslində, konkret qərardan yayınmaq cəhdi kimi görünür.
Analitik hesab edir ki, görüş zamanı tərəflər diplomatik üslubu qorumağa çalışsalar da, reallıqda fikir ayrılıqları açıq şəkildə üzə çıxıb. Onun fikrincə, bu cür açıq polemika Rusiya–Ermənistan münasibətlərində nadir hallarda müşahidə olunur və mövcud gərginliyin göstəricisidir.
Sonda Elxan Şahinoğlu əlavə edib ki, qarşıdakı dövrdə İrəvanın hansı istiqamətdə addım atacağı yalnız Ermənistan üçün deyil, bütövlükdə region üçün mühüm nəticələr doğura bilər.
Vural










