Putindən diqqət çəkən açıqlama: “Rusiya hazırdır”
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Ukraynadakı müharibə, Avropanın mövqeyi, ABŞ Prezidenti Donald Trampın təşəbbüsləri və İran böhranına qədər uzanan geniş mövzularla bağlı açıqlamalar verib. Onun çıxışında ən çox diqqət çəkən hissə Ukrayna ilə mümkün sülh sazişinə dair mesajları olub.
ERAmedia xəbər verir ki, Putin Kiyev rəhbərliyinin mövcud şəraitdə problemin həllinə hazır olmadığını iddia edib və bunun səbəbini Ukrayna daxilindəki siyasi güc mübarizəsi ilə əlaqələndirib. Onun sözlərinə görə, müharibə bitərsə, Kiyevdə hakimiyyət balansı ciddi şəkildə sarsıla bilər.
Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşüb.
“Donbas bölgəsinin tamına nəzarət etmək istəyirsiniz, yoxsa razılaşma əldə etməyə hazırsınız?” sualına cavab verən Putin bu məsələlərin bir-birinə zidd olmadığını bildirib.
Putin Rusiya ordusunun Ukraynada bütün cəbhə istiqamətlərində irəlilədiyini deyərək “Son zamanlarda təxminən 2 min 440 kvadrat kilometr ərazi üzərində nəzarət təmin edilib. Rusiya qüvvələri hər gün irəliləyir. Rusiya Luqansk Xalq Respublikasının tamını, Donetsk Xalq Respublikasının 85 faizini, Zaporojye bölgəsinin isə 80 faizini nəzarətə alıb. Bu proses davam edir” deyib.
Ukraynanın döyüşlərdə böyük itkilər verdiyini iddia edən Putin “Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti son vaxtlar 100 min nəfər azalıb. Aylıq itkilər təxminən 40 min nəfərdir. Bu ilin əvvəlindən ordudan fərarilik edənlərin sayı 60 minə çatıb. İnsanlar orduya zorla cəlb olunur, motivasiya yoxdur. Heç kim döyüşmək istəmir” sözlərini söyləyib.
Putin Ukrayna böhranının sülh yolu ilə həllinə hazır olduqlarını bildirərək “Ukrayna ilə sülh yolu ilə, Ankoricdə (ABŞ prezidenti Donald Trampın) ilə razılaşdığımız əsaslar əsasında anlaşmaya hazırıq və buna maraqlıyıq. Rusiya Ankoricdə əldə olunan razılaşmaları qəbul edir. Ukrayna tərəfi də bunu qəbul etməlidir. Beləliklə, münaqişə dayandırıla bilər. Ukraynanı buna razı salmaq lazımdır” deyib.
Putin Ukrayna rəhbərliyinin hakimiyyətdə qalmaq üçün müharibəni dayandırmaq istəmədiyini də iddia edərək “Kiyev daxili siyasi vəziyyətə görə böhranı həll etməyə hazır deyil. Əgər sülh əldə olunarsa, orada daxili siyasi mübarizə və iqtisadi vəziyyət ciddi şəkildə pisləşəcək” fikrini səsləndirib.
O, danışıqlar üçün atəşkəsin mütləq şərt olmadığını deyərək “Münaqişənin dayandırılması əvəzinə, Ankoricdə əldə olunan razılaşmalar əsasında müharibəni tamamilə dayandırmaq daha yaxşıdır” bildirib.
Putin Ukrayna ilə sülh sazişinin yalnız “legitim hakimiyyət” ilə imzalanacağını qeyd edərək “Əgər sənədlərin imzalanması mərhələsinə gəlsək, imza atacaq şəxsləri tapacağıq. Yetər ki, istəsinlər” deyib.
Rusiya prezidenti həmçinin Oreşnik orta mənzilli hipersəs ballistik raketinin Ukraynadakı hərbi-sənaye obyektlərinə qarşı tam miqyasda istifadə olunmadığını bildirib.
ABŞ prezidenti Donald Trampın Ukrayna böhranını səmimi şəkildə həll etməyə çalışdığını bildirən Putin “Trampın təklifləri sülh sazişinin əsasını təşkil edə bilər” fikrini səsləndirib.
Putin ABŞ administrasiyasının hazırda İran böhranı ilə məşğul olduğunu deyərək “Əgər Ukrayna böhranı regional xarakter daşıyırsa, İran böhranı qlobal xarakter daşıyır. Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata təsir edib. Təəssüf ki, Avropa ölkələri Ukrayna böhranını qlobal səviyyəyə çıxarmağa çalışır” deyib.
O, Avropanın Ukrayna münaqişəsinin həllində iştirak etməsi üçün neytral olmalı olduğunu bildirib və Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı olmadıqlarını, lakin Aİ-nin hərbi təşkilata çevrilməsinə etiraz etdiklərini vurğulayıb.
Avropa ölkələri ilə dialoqa açıq olduqlarını bildirən Putin bunun üçün Avropanın müstəmləkəçi yanaşmadan imtina etməli və Rusiya ilə bərabərhüquqlu münasibət qurmalı olduğunu deyib.
Rusiyanın Avropaya hücum planlaşdırdığı barədə iddiaları isə “cəfəngiyyat” və “təxribat” adlandırıb. Putin NATO ilə müharibənin mənasız olduğunu da əlavə edib.
Əli Fərhad










