Putinlə Zelenski görüşəcək? – Peskov açıqladı
Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna müharibəsinin həlli prosesində ən çətin mövzunun ərazi məsələsi olduğunu bildirib.
ERAmedia-nın məlumatına görə, “Rossiya-1” telekanalına müsahibə verən Peskov gündəmdəki məsələlərə münasibət açıqlayıb.
Rusiya, ABŞ və Ukrayna liderlərinin mümkün görüşünü dəyərləndirən sözçü qeyd edib ki, üç prezident yalnız əldə olunacaq razılaşmaları rəsmiləşdirmək üçün bir araya gəlməlidir.
Peskov Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüş ehtimalına da toxunaraq bildirib ki, “Zelenskinin həftə ərzində verdiyi açıqlamalar xatırlanmalıdır və belə mövqe davam etdiyi müddətdə ən yüksək səviyyəli görüşün mənası sual altındadır”.
O əlavə edib ki, Putinin Zelenskiyə Moskvada görüş təklifi hələ də qüvvədə qalır.
Ukrayna böhranının həlli prosesindən danışan Kremlin sözçüsü vurğulayıb ki, ərazi məsələsi ən ağır mövzudur və ciddi danışıqlardan əvvəl ekspertlər səviyyəsində diqqətli hazırlıq aparılmalıdır.
Peskov iddia edib ki, Kiyev hazırda sülh yolu ilə həll variantları axtarmaq əvəzinə Avropadan maliyyə vəsaiti əldə etməyə çalışır və milyardlarla avro toplamaq üçün aktiv fəaliyyət göstərir, lakin digər məsələlərdə eyni ciddilik müşahidə olunmur.
Sözçü həmçinin Böyük Britaniya və Fransanın Ukraynaya nüvə bombası verməsi ilə bağlı planların “dəli-divanə” olduğunu bildirib.
Vural









