Qaçaq Nəbi: xalqın yaddaşında yaşayan qəhrəman

Qaçaq Nəbi adı Azərbaycan xalqına yaxşı tanışdır. Onun haqqında dastanlar danışılıb, mahnılar oxunub, filmlər çəkilib, müxtəlif əsərlər yazılıb. Nəbi ilə Həcərin adı isə xalqımızın yaddaşında bir-birindən ayrılmaz şəkildə yaşayır.
Bəs bizi XIX əsrdə yaşamış bir insanı bu gün də xatırlamağa vadar edən nədir? Qaçaq Nəbi həqiqətən xalqın təsəvvüründə formalaşdığı kimi idimi? Onun haqqında danışılanların hansı hissəsi tarixdən, hansı hissəsi xalq yaddaşından gəlir? Suallarımızı Milli Məclisin deputatı, Əməkdar jurnalist İmamverdi İsmayılov cavablandırıb.
– Qaçaq Nəbi Azərbaycan xalqının yaddaşında “xalq qəhrəmanı” kimi yaşayır. Bu obrazın tarixi əsasları barədə nə deyə bilərsiniz?
– Əvvəla, “xalq qəhrəmanı” anlayışını yalnız sonrakı dövrlərdə yaradılmış ədəbi və ya folklor obrazı kimi təqdim etmək doğru olmaz. Çünki hər hansı tarixi şəxsiyyətin xalq yaddaşında bu qədər uzun müddət və bu qədər güclü şəkildə yaşaması özü tarixi hadisədir.
Qaçaq Nəbinin adı XIX əsrin Zəngəzur mühiti ilə bağlıdır. Onun haqqında məlumatlar təkcə sonrakı folklor mətnlərində deyil, XIX əsrə aid sənədlərdə də görünür. Əlbəttə, folklorla arxiv sənədinin funksiyası eyni deyil. Arxiv sənədi hadisənin müəyyən tərəfini sənədləşdirir, xalq yaradıcılığı isə həmin hadisənin cəmiyyətdə yaratdığı mənəvi və emosional təsiri qoruyub saxlayır. Qaçaq Nəbi nümunəsində bu iki mənbə xəttinin bir-birinə paralel şəkildə mövcud olması xüsusilə diqqətçəkəndir.
Məncə, burada ən mühüm məsələ budur: Nəbinin xalq qəhrəmanı kimi yaddaşda yaşaması ilə onun XIX əsrin sənədlərində real şəxs kimi görünməsi bir-birindən ayrı hadisələr deyil. Əksinə, bu iki istiqamət onun tarixi obrazının müxtəlif tərəflərini tamamlayır.
– Qaçaq Nəbi haqqında uşaqlıqdan eşidirik. Sizcə, onu xalqın yaddaşında bu qədər yaşadan nə olub?
– Mənə elə gəlir ki, bunun əsas səbəbi Nəbinin xalqın gözündə necə bir insan kimi görünməsidir. O, insanların təsəvvüründə qorxmaz, mərd, haqsızlığa boyun əyməyən bir şəxs kimi qalıb.
Bizim xalqın yaddaşında belə insanlar həmişə xüsusi yer tutub. Çünki sadə insan üçün ədalət anlayışı çox vacibdir. Kiminsə güc qarşısında əyilməməsi, haqsızlıq görəndə susmaması, öz haqqını müdafiə etməsi insanlarda rəğbət doğurur. Nəbinin də adı məhz belə keyfiyyətlərlə yanaşı çəkilib. Onun haqqında danışılanlara baxanda görürük ki, xalq onu sadəcə silah götürüb dağlara çəkilən biri kimi xatırlamayıb. Nəbi haqqında danışılan hər bir əhvalatda onun xarakteri ön plana çıxır. Cəsarəti, mərdliyi, dostuna sədaqəti, çətin vəziyyətdə geri çəkilməməsi…
Bunlar elə xüsusiyyətlərdir ki, insanın yaşadığı dövrdən asılı olmayaraq qiymətini itirmir.
Məncə, Nəbinin bu qədər uzun müddət yadda qalmasının səbəbi də budur. Əgər bir insanın adı yüz ildən artıq müddətdə nəsildən-nəslə ötürülürsə, deməli, o ad xalq üçün hansısa mənəvi məna daşıyır. Bu gün də yaşlı insanlardan Qaçaq Nəbi haqqında müxtəlif xatirələr, rəvayətlər eşitmək mümkündür. Bu, çox maraqlı hadisədir.
– Nəbinin həyatını bir az təsəvvür etməyə çalışsaq, necə bir dövrdə yaşadığını deyə bilərik?
– Nəbi XIX əsrdə yaşayıb. O dövrün həyatını bugünkü həyatla müqayisə etmək mümkün deyil.
İndi insanın qarşılaşdığı problem zamanı müraciət edə biləcəyi müxtəlif yollar var. O vaxt isə kənddə yaşayan sadə insan üçün həyat daha ağır idi. Torpaq, dolanışıq, idarəçilik – bütün bunlar insanların gündəlik həyatının bir hissəsi idi.
Belə bir mühitdə haqsızlıqla üzləşən insanın vəziyyəti xüsusilə çətin olurdu.
Nəbinin də həyatında belə hadisələrin mühüm rol oynadığı haqqında məlumatlar var. O, bir neçə dəfə həbs olunub və sonradan qaçaq həyatı yaşamağa başlayıb. Yəni onun həyatının bu mərhələsini sadəcə “birdən-birə qaçaq oldu” kimi izah etmək düzgün olmaz.
İnsan niyə öz kəndindən, evindən, ailəsindən uzaq düşüb dağlara çəkilsin? Bu, heç kimin asanlıqla seçəcəyi həyat deyil. Ona görə Nəbinin həyatına baxanda onun yaşadığı dövrü də nəzərə almaq lazımdır.
Fikrimcə, burada ən maraqlı məqam odur ki, Nəbi bir müddət sonra tək qalmır. Onun ətrafına insanlar toplanır. Xalq arasında ona kömək edənlər olur. Deməli, onunla bağlı müəyyən rəğbət və inam yaranmışdı. Bu da bizə Nəbinin sadəcə öz taleyi ilə yaşayan bir insan olmadığını göstərir.
– Nəbi deyəndə Həcərin də adı yada düşür. Sizcə, Həcər niyə bu qədər önəmlidir?
– Çünki Həcər Nəbinin həyatında sadəcə həyat yoldaşı olmayıb. Xalq onu Nəbinin yanında olan, onunla eyni çətinlikləri bölüşən cəsur qadın kimi tanıyıb. Bu da bizim tariximiz üçün çox maraqlı məqamdır. Çünki Qaçaq Nəbi haqqında danışanda adətən bütün diqqət Nəbinin üzərində olur.
Təsəvvür edin, həmin dövrdə bir qadın üçün belə həyat yaşamaq nə qədər çətin idi. Təhlükəli yollar, təqib, gizlənmək, daim narahatlıq içində olmaq… Buna baxmayaraq, Həcərin adı Nəbinin adı ilə birlikdə bu günə qədər gəlib çatıb. Xalq onu qorxmaz qadın kimi xatırlayıb. Məncə, Nəbi və Həcər haqqında danışılan hekayələrin bu qədər sevilməsinin səbəblərindən biri də onların bir-birinə bağlılığıdır. Burada təkcə qəhrəmanlıq yox, sədaqət və birlik də var.
Həcər obrazında bir Azərbaycan qadınının cəsarətini də görmək mümkündür. Ona görə, Qaçaq Nəbi haqqında danışarkən Həcərin adını bir kənara qoymaq olmaz. Onların hekayəsi birlikdə daha tamam görünür.
– Nəbinin adı bu gün də mahnılarda, dastanlarda yaşayır. Sizcə, xalqın belə yaddaşı nə qədər önəmlidir?
– Çox önəmlidir. Bəzən biz tarixi yalnız kitabda axtarırıq. Halbuki xalqın yaddaşı da çox böyük bir xəzinədir. Bizim nənələrimiz, babalarımız tarix kitabı yazmayıblar. Amma bildikləri hadisələri uşaqlarına danışıblar, onlar da öz uşaqlarına ötürüblər. Belə-belə bir çox hadisə və şəxsiyyət haqqında məlumat nəsillərdən-nəslə gəlib. Qaçaq Nəbi də bunun ən gözəl nümunələrindən biridir.
Bu gün bir gənc Nəbinin haqqında mahnı eşidəndə və ya onun haqqında dastan oxuyanda, əslində, yüz ildən çox əvvəl yaşamış bir insanla bağlı xalq yaddaşının bir hissəsi ilə tanış olur. Amma əsas odur ki, bu obraz qorunur.
Nəbi mərd insan kimi xatırlanır!..
Həcər cəsur qadın kimi xatırlanır.
Onların hekayəsində də ədalətsizliyə qarşı durmaq, çətinlikdən qorxmamaq, bir-birinə sahib çıxmaq kimi dəyərlər var və məhz buna görə bu hekayə bu gün də maraqlıdır.
– Bəs bu gün Qaçaq Nəbi haqqında danışmaq nəyə lazımdır? Axı onun yaşadığı dövrdən çox vaxt keçib.
– Tarixi ona görə xatırlayırıq ki, özümüzü daha yaxşı tanıyaq. Qaçaq Nəbinin həyatında bizim xalqın çox yaxşı bildiyi və qiymətləndirdiyi xüsusiyyətlər var: mərdlik, cəsarət, sədaqət, haqsızlıq qarşısında susmamaq. Bu gün həyat tamam başqadır. Əlbəttə, biz XIX əsrin problemləri ilə yaşamırıq. Amma insanın xarakteri ilə bağlı bəzi dəyərlər dəyişmir.
Mərdlik yenə mərdlikdir və əbədi yaddaşdır. Sədaqət yenə sədaqətdir və əbədi yaddaşdır. Ədalət hissi yenə insan üçün vacibdir, çox vacibdir. Ona görə Nəbinin adı bu gün də yaşayır və yaşayacaq!
Düşünürəm ki, belə şəxsiyyətlər haqqında danışarkən, xalqın yaddaşına hörmət etmək lazımdır. Yüz ildən artıqdır xalqın öz yaddaşında yaşatdığı bir insan haqqında danışarkən onun bu milli yaddaşdakı məxsusi yerini də nəzərə almaq lazımdır. Qaçaq Nəbi bizim üçün sadəcə ötən əsrdə yaşamış bir insan deyil. O, xalqın öz qəhrəmanı kimi yaşatdığı adlardan biridir. Bəlkə elə ən maraqlısı da budur ki, Nəbinin həyatı çoxdan bitib, amma onun haqqında söhbətlər hələ də bitməyib. Deməli, onun xalqın yaddaşında qoyduğu iz kifayət qədər güclüdür. Və tarixdə bəzi adların yaşamasının ən böyük səbəbi də elə budur: xalq onları unutmur, sözündə, nəğmələrində yaşadır… (newscenter.az)









