Qadın kursantlar ilk dəfə olaraq hərbi - AND içiblər
2025–2026-cı tədris ilində Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunmuş Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları da ilk dəfə olaraq Hərbi And içiblər.
ERAmedia xəbər verir ki, bu barədə Milli Müdafiə Universiteti məlumat yayıb.
Qeyd olunur ki, bu mühüm hadisə ölkəmizin dövlətçilik tarixində xüsusi yer tutur və Azərbaycan Ordusunun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən ali hərbi təhsil müəssisələrində təhsil alacaq qadın kursantların hərbi and içməsi, dövlətimizin gender bərabərliyi prinsiplərinə sadiqliyinin, müasir ordu quruculuğu siyasətinin və milli dəyərlərə sədaqətinin bariz təzahürüdür.
Tarix boyu Azərbaycan xanımları dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və Vətənin müdafiəsi işində fəal iştirak etmişlər.
Bu gün onların qalib Azərbaycan Ordusunun sıralarında hərbi xidmətə cəlb olunması, zabit adını daşımaq imkanına sahib olmaları dövlətimizin inkişafı və cəmiyyətimizin tərəqqisi baxımından qürurverici haldır.
Azərbaycan qadınının Vətən keşiyində bir hərbçi kimi dayanması dövlətin müdafiə qüdrətini daha da artırır, ordumuzun peşəkarlığının yüksəldilməsinə və milli təhlükəsizliyimizin möhkəmlənməsinə mühüm töhfə verir.
Onların seçimi fəxr ediləcək gələcəklə bərabər, dövlət təminatlı karyerada yüksəlişə aparan şərəfli yoldur.