media-fb775d11-bb68-4d0d-83fd-ff6f6fd70b00

Son günlər açıq şəkildə müşahidə edirik ki, ölkənin Konstitusiyası, dünyəvi dövlət prinsipləri və hüquqi çərçivəsi kənara atılaraq, şəxsi dünya görüşü, stereotiplər və cəhalət pərdəsinə bürünmüş yanaşmalar ictimai rəyə sırınır.

ERAmedia xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

O vurğulayıb ki, bu çıxışlar təsadüfi deyil.

“Bu, nə fikir azadlığıdır, nə də elmi müzakirə. Bu, qadınlar üzərindən reytinq yığmaq, qorxu yaratmaq və cəmiyyəti geriyə çəkmək cəhdidir.
Daha qorxulusu odur ki, bu fikirləri səsləndirənlər savadsız şəxslər deyil. Bunlar təhsilli, titullu, cəmiyyətdə mövqeyi olan şəxslərdir”.

Onun sözlərinə görə, psixiatr olan bir şəxs çıxış edərək, qız və oğlanların eyni sinifdə təhsil almasını problem kimi təqdim edir.

“Heç kim soruşmur ki, hansı hüquqi akt sənə bu ölkədə ayrı-seçkilik təklif etmək səlahiyyəti verir?

Bu fikirlər elə təqdim olunur ki, guya ölkənin xilası qızların azadlığının məhdudlaşdırılmasından keçir. Sanki qadınların hüquqları təhlükədir, sanki onların təhsili, mövcudluğu, bərabərliyi problem mənbəyidir. Bu, açıq manipulyasiyadır. Bu manipulyasiya cəmiyyətə müdriklik adı ilə sırıdılır”.

M.Zeynalovanın sözlərinə görə, ən böyük riyakarlıq isə həmin xilaskarlar real həyatda ayrı seçkiliyiə məruz qalan qadının yanında olmur:

“Uşaq yaşında evləndirilən qızın həyatına biganədir. Hüquqları tapdanan, səsi boğulan qadının taleyi onları maraqlandırmır. Onlar yalnız tribuna, kamera və alqış axtarırlar.

Bu gün dövlətin maraqları bir kənara atılır, hüquqi dövlət prinsipləri susdurulur, yerini fərdlərin eqosu və patriarxal fantaziyaları tutur. Bu fantaziyalar üzərindən qayda, norma, ənənə adı altında yeni çərçivələr yaratmağa cəhd edilir. Heç kim də onları sorğulamır…

Qadınlar bu ölkənin problemi deyil. Qadınların hüquqları bu dövlət üçün təhlükə deyil. Təhlükə ola biləcək məsələ hüquqa, Konstitusiyaya və insan ləyaqətinə qarşı açıq hücumdur.

Bu ölkə geri addım atmamalıdır. Qadınlar üzərindən cəmiyyətin gələcəyini qurban vermək heç kimin haqqı deyil”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər