media-e08e21d6-a793-4cd2-b2be-ef8f71565439

Azərbaycan cəmiyyətində qadına münasibətdə mövcud olan ikili standartlar və “namus” anlayışının yalnız qadın üzərindən qiymətləndirilməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Günel Musa problemin təkcə ayrı-ayrı insanların davranışında deyil, cəmiyyətə hakim olan düşüncə tərzində olduğunu bildirib.

Günel Musa qeyd edib ki, İsmayıl Şıxlının “Dəli Kür” romanında kəndin qeyrətli kişisi kimi təqdim olunan Cahandar ağanın başqasının həyat yoldaşını qaçırması illərdir ədəbiyyat nümunəsi kimi oxunur. Onun fikrincə, bu paradoks təkcə romanın süjet xətti deyil, həm də cəmiyyətin illərdir dəyişməyən ziddiyyətlərinin əksidir.

Araşdırmaçı jurnalist bildirib ki, bu gün də öz ailəsində namus keşiyində dayandığını iddia edən, lakin başqasının ailəsinə münasibətdə bütün prinsiplərini unudan insanların sayı az deyil. Onun sözlərinə görə, qadının geyimi, davranışı və həyat tərzi sərt şəkildə mühakimə olunduğu halda, kişilərin israrlı mesajları, narahatedici davranışları və etik çərçivəni aşan təklifləri çox vaxt problem kimi qiymətləndirilmir.

Günel Musa vurğulayıb ki, “namus” anlayışının yalnız qadının üzərinə yüklənməsi cəmiyyətdə ciddi suallar doğurur. O hesab edir ki, başqasının ailəsinə müdaxilə etmək, qadınları küçədə narahat etmək, vəzifədən sui-istifadə edərək təzyiq göstərmək kimi davranışlar da mənəvi məsuliyyət və namus anlayışı kontekstində qiymətləndirilməlidir.

Jurnalistin fikrincə, problem yalnız müəyyən şəxslərlə məhdudlaşmır. O bildirib ki, şəhvəti cilovlaya bilməməyi kişiliyin təbii xüsusiyyəti kimi təqdim edən yanaşmalar zorakılıq mədəniyyətinin formalaşmasına və davam etməsinə zəmin yaradır.

Günel Musa əlavə edib ki, bunun nəticəsində qadınlar təkcə fiziki deyil, həm də hər gün görünməz psixoloji zorakılıqla üzləşirlər. Onun sözlərinə görə, israrlı baxışlar, eyhamlar və “yox” cavabını qəbul etməyən davranışlar qadınların gündəlik həyatını mənfi təsir altına salır.

Sonda jurnalist cəmiyyətdə kök salmış bu ikili standartların dəyişməsinin vacibliyini vurğulayaraq, mövcud vəziyyətin ciddi ictimai müzakirə tələb etdiyini bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər