Qadınların geyimi niyə hələ də müzakirə mövzusudur? - AÇIQLAMA
Qadınların geyimi (istər gənc, istər müğənni, istərsə də ictimai fiqur olsun), cəmiyyətimizdə hələ də bitməyən müzakirə mövzusudur.
ERAmedia xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, bu müzakirələr daha çox Şərq cəmiyyətləri üçün xarakterikdir və təkcə kişilərlə məhdudlaşmır, qadınlar da bu prosesdə aktiv iştirak edir.
“Təəssüf ki, müzakirə zövqlü və ya zövqsüz geyimlə bağlı deyil. Müzakirənin mahiyyəti adətən belə formalaşır, filankəs niyə filan yaşda, filan statusda bu geyimi seçdi? Yəni söhbət estetikadan çox, nəzarət və hökm vermək üzərində qurulur. Heç düşünmüsünüzmü, kişilərin tanımadığı qadınları gözləri ilə izləməsi, ya onu müzakirə etməsi olduqca qeyri etik hesab edilir”, – deyə o əlavə edib.
M.Zeynalova vurğulayıb ki, qadınların kişilərlə eyni mövzu üzərində müzakirə etməsinin kökündə isə bəlkə də, öz şəxsi həyatlarında, münasibətlərində olan kişilərdən tam arxayın olmaması dayanır:
“Bəzən başqa qadınları qınamaq, tənqid etmək, müzakirə obyektinə çevirmək məhz bu daxili narahatlığın təzahürüdür. Amma paradoks ondadır ki, bu tənqidlər əslində diqqəti daha qabarıq şəkildə fərqli geyinən qadınlara yönəldir. Yəni danlamaqla susdurduğumuzu düşündüyümüz şeyi daha da görünən edirik. Narahatlıqların aradan qaldırılmasının yolu isə az yaşlarından qızların zövq düşüncəsinin formalaşmasında valideynləri iştirakı, kiçik yaşlarında oğlanların nəfsin idarə edilməsi düşüncəsinin formalaşmasında valideynlərin iştirakı və nümunəsi, mühit, qadının ağlına, düşüncəsinə və bütövlyünə yönəlikli dəyərlər sisteminə üstünlük verməsi, ən vacib amil isə hörmət, sərhəd və azad seçim mədəniyyəti düzgün formalşdırılmalıdır.
Əgər bu ictimai təbliğat və ya mədəniyyətlə dəyişmirsə, qanunla tənzimlənməlidir”.
Mələk Onur









