Qalmaqallı ada oxşarlıq qorxusu: Türkiyəli vətəndaşdan ŞOK AÇIQLAMA
Türkiyə sakini Rıfat Özdemir xarici görünüşünə görə qalmaqallı amerikalı maliyyəçi Cefri Epşteynə bənzədiyi üçün ölkəsində problemlərlə üzləşdiyini və bu səbəbdən xaricə səfər planlarını ləğv etdiyini bildirib.
ERAmedia xəbər verir ki, Özdemir yerli mediaya açıqlamasında son vaxtlar küçədə insanların ona xoşagəlməz baxışlarla baxdığını, həyatının isə “kabusa çevrildiyini” deyib.
“Xaricə getməyi planlaşdırırdım, lakin Epşteynlə bağlı vəziyyətə görə bütün planlarımı ləğv etdim. Türkiyədə heç olmasa insanlar məni həmin şəxslə səhv salanda özümü izah edə bilirəm. Amma xaricdə bu hadisədən ciddi zərər görmüş insanlarla qarşılaşa bilərəm və onlar mənə hücum etmək istəyə bilərlər. Onlara necə izah edim ki, mən o deyiləm?” – deyə Özdemir bildirib.
ABŞ baş prokurorunun müavini Todd Blanş yanvarın 30-da Epşteyn işi üzrə materialların dərcinin başa çatdığını açıqlayıb.
Xatırladaq ki, 2019-cu ildə Epşteyn ABŞ-da yetkinlik yaşına çatmayanların cinsi istismarı məqsədilə insan alverində ittiham olunub. O, həmin ilin iyul ayında həbsxanada vəfat edib. İstintaq onun ölümünün intihar nəticəsində baş verdiyi qənaətinə gəlib.









