Qanun Adamı – Polkovnik Bahadur Quliyev

Azərbaycan tarixi igid oğul və qızlarının, qanun və ədalət uğrunda mübarizə aparan şəxsiyyətlərinin həyat hekayələri və gələcək nəsillərə örnək ola biləcək zəngin irsləri ilə zəngindir. Bu hekayələrdən biri də Bahadur Əmirxan oğlu Quliyevin zəngin və mənalı ömür yoludur. O, müəllimlikdən başlayaraq II dünya müharibəsinin qaynar döyüş meydanına, oradan isə hüquq-mühafizə orqanlarına qədər uzanan nümunəvi bir həyat yolu yaşayıb. Onun adı həmişə, ulu əcdadlarından miras qalan alicənablıq, mərdlik, aqsaqqallıq, eyni zamanda döyüş şücaəti, həm də qanunçuluğa sadiqliyi ilə yaddaşlarda qalıb.
1924-cü il yanvarın 10-da Zəngəzur mahalı – Qubadlı rayonunun Çərəli kəndində dünyaya gələn Bahadur Quliyev böyük ailə mühitində böyüyərək maarifə və dövlətçiliyə maraq göstərmişdir. 1938-ci ildə kənd məktəbini bitirdikdən sonra Füzuli şəhər Pedaqoji Texnikumuna daxil olmuş, müəllimlik peşəsinə yiyələnmişdir. Qubadlı rayonunun Saldaş, Məmər və Hal kəndlərində müəllim kimi çalışaraq gənc nəslin maariflənməsinə və inkişafına töhfə vermişdir.
1942-ci ildə, 18 yaşı tamam olan Bahadur Quliyev Böyük Vətən Müharibəsinə yollanmışdır. O, Qara Dəniz Donanmasında xidmət edərək Novorossiysk, Kerç, Feodosiya, Sevastopol, Balaklava, Sapunqora, Simferopol və digər şəhərlərin azad olunmasında qəhrəmancasına iştirak etmişdir.
O, göstərdiyi sücaət nəticəsində “Böyük Vətən Müharibəsi” Ordeni və 10 medalla təltif olunmuşdur. Ali Baş Komandan İosif Stalindən aldığı “Qramota” və həvəsləndirici məktublar, SSRİ Ali Sovetinin Fəxri Fərmanları onun döyüşdəki uğurlarının rəsmi təsdiqi idi. 1944-cü ildə müharibənin gedişatında böyük rol oynayan – Krımda keçirilən “Yalta Konfransı”nın təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etməsi onun peşəkarlığının və etibarlılığının göstəricisi olmuşdur. Həmçinin, buna görə keçmiş İttifaqın Xarici işlər komissarı Vyaçeslav Molotovdan da təşəkkür almışdır.

Müharibədən sonra Bahadur Quliyev 1947-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin Qubadlı rayon şöbəsində əməliyyatçı kimi fəaliyyətə başlamışdır. 1954–1971-ci illərdə Daxili İşlər Nazirliyinin Qubadlı rayon şöbəsində pasport masa rəisi, əməliyat müvəkili, baş əməliyat müvəkili, şöbə rəisinin müavini vəzifələrdə çalışaraq “Milis əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

1971–1981-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyində Naxçıvan şəhər milis şöbəsinin rəisi müavini və Babək rayonunun milis şöbəsinin rəisi vəzifələrində çalışaraq polkovnik rütbəsinə yüksəlmişdir. Onun rəhbərliyi dövründə Muxtar Respublikanın hüquq-mühafizə orqanlarının fəaliyyəti daha da güclənmiş, qanunçuluq prinsipləri möhkəmlənmişdir. O, həm də gənc əməkdaşların yetişməsinə xüsusi diqqət yetirmiş, onların peşəkar formalaşmasına yaxından dəstək olmuşdur.

Təqaüdə çıxdıqdan sonra Bahadur Quliyev ictimai fəaliyyətini davam etdirmişdir. O, Naxçıvan MR-in Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri olmuş, Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Sumqayıt filialında mülki müdafiə qərargahının rəisi kimi vəzifələrində əzmlə çalışmışdır. Bu, onun ömrünün sonuna qədər Vətənə xidmət etməsinin əyani nümunəsidir.

Bahadur Quliyev yalnız Böyük Vətən Müharibəsi veteranı, hüquq-mühafizə orqanlarının təcrübəli bilicisi, milis polkovniki deyildi. O, həm də həqiqi müəllim, maarifçi, ictimai xadim idi. Bu böyük şəxsiyyətin həyat yolu onu göstərir ki, insanın Vətənə xidməti yalnız döyüş yolu ilə deyil, həm də elm, qanunçuluq və ictimai fəaliyyətlə mümkündür. Bahadur Quliyev bu üç sahəni öz ömründə birləşdirərək Azərbaycan xalqına xidmət etmişdir.


Bahadur Quliyev həm işdə, həm də cəmiyyətdə prinsipial, ədalətli və qayğıkeş ailə başcısı və əsl vətəndaş kimi tanınırdı. Həmkarları, övladları, nəvələri, nəticələri və nəsil şəcərəsi onu intizamlı, tələbkar, eyni zamanda humanist bir rəhbər və qayğıkeş ata kimi xatırlayır, daim etiramla yad edir. Soy kökünə dərin bağlılığı, vətənə sədaqəti onun şəxsiyyətinin ayrılmaz hissəsi idi.



2004-cü il aprelin 16-da Sumqayıt şəhərində 80 yaşında dünyasını dəyişmişdir. Onun həyatı və fəaliyyəti Azərbaycan xalqının yaddaşında qanunçuluğun, vətənpərvərliyin və fədakarlığın simvolu kimi qalacaqdır. Bahadur Quliyev ömrünü Vətənə həsr etmiş bir şəxsiyyət idi. Müəllimlikdən döyüş meydanına, oradan isə hüquq-mühafizə orqanlarına qədər uzanan bu yol onun ulularına sədaqətinin, vətənpərvərliyinin və qanunçuluğa sadiqliyinin göstəricisidir. Onun adı Azərbaycan tarixində “Qanun Adamı” kimi əbədi yaşayacaqdır.

Məhəmməd Quliyev: “Əmim Bahadur Quliyev bizim nəslimizin fəxri idi, aqsaqqalı idi. Uşaqlıqdan hər birimiz onun haqqında eşitdiyimiz bənzərsiz hadisələrin müsbət təsiri altında böyüdük. Əmim intizamlı, prinsipial, amma eyni zamanda çox humanist idi. Onun həyat hekayəsi mənim üçün örnəkdir: müəllimlikdən başlayaraq döyüş meydanına, oradan isə qanun adamı kimi uzun illər xalqa və el-obaya xidmət etmək – bu, hər insana qismət olmur. Bəzən onun maraqlı söhbətlərini çox arzulayıram”
Orxan Bahadurzadə: “Soyadımda adını qürurla daşıdığım Babam mənim üçün sadəcə ailə başcısı deyildi, həm də həyat məktəbi idi. Onun haqqında eşitdiyim hər bir xatirə və ya hansısa xoş söz mənim dünyagörüşümü formalaşdırdı. Babamın müharibədə göstərdiyi igidliklər, aldığı orden və medallar bizim üçün çox maraqlıdı. Amma onun adı, xatirəsi və qoyduğu irs bizim üçün əbədi yaşayacaq. Mən fəxr edirəm ki, Bahadur Quliyev kimi bir kişinin nəvəsiyəm.”
Taleh Əliyev: “Dayımın olduqca intizamlı, prinsipial, amma eyni zamanda çox uzaqgörən fikirləri vardı. Onun bu əqidəsi mənim həyat yoluma da təsir etdi. Bizim üçün o, xüsusilə anam üçün həm ailənin böyüyü, həm də örnək olaraq təqdim olunurdu. Bahadur dayım dünyasını dəyişəndə biz böyük bir dayağı itirdik. Əziz xatirəsi hər zaman bizim üçün əzizdi, əbədiyaşardı. ”
P.S 9 May Qələbə Günü ərəfəsində Böyük Vətən Müharibəsi veteranı, polkovnik Bahadur Quliyevin xatirəsi yad etdik, Allah rəhmət eləsin!
Mələk ONUR










