Qara Qarayevin anası Sona Axundovanın yarımçıq qalan yaradıcılıq yolu
Azərbaycanın tanınmış bəstəkarı Qara Qarayevin anası Sona Axundova həm təhsili, həm də ədəbiyyata olan marağı ilə seçilən ziyalı qadınlardan biri olub.
ERAmedia xəbər verir ki, 1898-ci ildə Bakıda anadan olan Sona Axundova gənc yaşlarından elmə, musiqiyə və bədii yaradıcılığa maraq göstərib.
Valideynləri onu 13 yaşında Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə yerləşdiriblər. Burada təhsilini başa vurduqdan sonra o, “Müqəddəs Nina” məktəbinin Bakı bölməsində oxuyub. Bununla yanaşı, fortepiano ifaçılığı üzrə musiqi təhsili alaraq dünyagörüşünü və bədii zövqünü zənginləşdirib.
Sonralar Rusiyada ali təhsil alaraq Bakıya qayıdan həkim Əbülfəz Qarayevlə ailə quran Sona Axundovanın həyatında yeni mərhələ başlayıb. Ailə qurduqdan sonra o, ədəbi fəaliyyətini davam etdirməyərək diqqətini övladlarının tərbiyəsinə və ailəsinin qayğılarına yönəldib.
Sona Axundovanın ailəsində böyüyən övladlar Azərbaycan cəmiyyətində özünəməxsus yer tutublar. Onun oğlu Qara Qarayev dünya miqyasında tanınan bəstəkar kimi şöhrət qazanıb, digər oğlu Mürsəl Qarayev isə görkəmli həkim və cərrah kimi tanınıb.
Sona Axundovanın yaradıcılıqdan uzaqlaşması ilə bağlı verilən suallara cavabı isə onun həyata baxışını aydın şəkildə ifadə edib. O, xalq və cəmiyyət üçün faydalı övladlar yetişdirməyin də bir yaradıcılıq növü olduğunu vurğulayaraq belə deyərmiş: “Xalq üçün, cəmiyyət üçün faydalı övladlar böyütmək yaradıcılıq deyilmi!”
1971-ci ildə vəfat edən Sona Axundovanın həyat hekayəsi yalnız bir şairənin yaradıcılıq yolundan imtinası deyil, həm də ailə tərbiyəsinə, övladlarının gələcəyinə və cəmiyyətə fayda verməyə verdiyi önəmin ifadəsi kimi diqqət çəkir.
Əli Fərhad









