media-ads-728x90
media-1756392516212865491_1200x630
media-ads-728x90

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun şanlı Zəfərə ithaf etdiyi “Qarabağ florası” kitabı işıq üzü görüb.

Botanika İnstitutundan ERAmedia-ya bildirilib ki, kitab Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilib. Nəşrin müəllifi və redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.

Ümumilikdə 900 səhifədən ibarət kitaba 8 xəritə, 10 cədvəl, 300 relikt və endemik bitkilərin, o cümlədən 91 növ nadir bitkinin rəngli fotoları ilə illüstrasiyası daxil edilib. Nəşrdə Qarabağa aid 2000-dən çox ali bitki, 400-dən çox göbələk növü, mamır və şibyə növlərinin də botaniki xüsusiyyətləri və illüstrativ şəkilləri yer alıb.

Botanika İnstitutu yaranandan bəri ilk dəfə olaraq Azərbaycanda Qarabağ florası haqqında belə bir kitab nəşr etdirib.

Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbədən sonra Botanika İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən Qarabağ ərazisində geniş tədqiqatlar həyata keçirilib. Qarabağ ərazisində yayılan nadir, endemik, dərman bitkiləri, mamır və yosun nümunələri tədqiq edilib, etnobotaniki tədqiqatlar aparılıb. Həmin elmi tədqiqatların nəticələri “Qarabağ florası” kitabında öz əksini tapıb.

Ekspedisiyalar zamanı Böyük Qayıdışa dair I Dövlət Proqramının həyata keçirilməsinə töhfə olaraq professor Səyyarə İbadullayevanın müəllifliyi və redaktorluğu ilə hazırlanan xalq təbabəti, baytarlıq təbabəti, quşçuluq və arıçılığın inkişafına aid istifadə olunan bitkilər haqqında “Qarabağ florasında yayılan dərman bitkilərindən istifadəsi” adlı buklet və broşürlər öz ata-baba yurdlarına qayıtmış yerli icmalara paylanılıb. Həmçinin “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” bələdiyyələrə, məktəblərə və yerli icmalara təqdim edilib.

Botanika İnstitutunun təşkilatçılığı ilə Laçın şəhərində və Zabux kəndində, Zəngilan şəhəri və Ağalı kəndində, Şuşa şəhərində yerli icmalarla “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Şərqi Zəngəzur və Qarabağın biomüxtəlifliyinin tədqiqi” mövzusunda dəyirmi masa keçirilib.

Həmçinin Botanika İnstitutunun təşkilatçılığı ilə keçirilən və COP29-a həsr olunmuş “Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları” adlı beynəlxalq konfransda bu elmi müəssisənin alimləri tərəfindən Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərində aparılan tədqiqatlar haqqında əldə olunan nəticələr geniş auditoriyanın diqqətinə çatdırılıb.

 


media-ads-728x90

Bənzər xəbərlər