Qarabağ qərarı Moskvanı şoka saldı – Putin Ermənistan rəhbərliyini ittiham etdi
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kremldə keçirilən görüş regionda baş verən proseslər baxımından diqqət çəkən məqamlarla yadda qalıb. Görüşdə Putin İrəvanın KTMT ilə bağlı narazılıqlarını bildiyini qeyd etsə də, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından sonra təşkilatın prosesə müdaxilə imkanlarının məhdudlaşdığını vurğulayıb.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Paşinyanın 2022-ci ilin oktyabrında Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıması Kreml üçün gözlənilməz və ciddi zərbə olub. Onun sözlərinə görə, Putin bu addımı dəfələrlə “qəribə qərar” kimi qiymətləndirərək dolayısı ilə Ermənistan rəhbərliyini ittiham edib.
Şərhçi qeyd edib ki, Kreml uzun illər Qarabağ məsələsində referendum variantını gündəmdə saxlayırdı:
“Paşinyanın bu qərarı Rusiyanın bölgə ilə bağlı planlarını faktiki olaraq pozdu. Bu səbəbdən Putin açıq şəkildə mesaj verir ki, əgər bu tanınma baş verməsəydi, Rusiya sülhməramlıları Qarabağdan çıxmazdı”.
Elxan Şahinoğlunun fikrincə, görüş zamanı Putin Paşinyana bir neçə mühüm siyasi siqnal da ötürüb. O bildirib ki, Rusiya prezidenti Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı ilə inteqrasiyasının mümkün olmadığını açıq şəkildə dilə gətirib və İrəvan qarşısında seçim qoyub.
Bundan əlavə, Putin ABŞ prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında fəal rol oynadığını qeyd edib. Şərhçiyə görə, bu məqam Moskvanın regiondakı prosesləri diqqətlə izlədiyini və Vaşinqtonun artan təsirindən narahat olduğunu göstərir.
Ekspertin sözlərinə görə, Kreml rəhbərinin Ermənistanda parlament seçkiləri öncəsi siyasi mübarizəni izlədiyini deməsi də təsadüfi deyil:
“Bu, Paşinyana açıq xəbərdarlıqdır. Çünki hazırkı hakimiyyət tez-tez müxalifəti Moskva ilə əlaqələrdə ittiham edir”.
Elxan Şahinoğlu hesab edir ki, Paşinyan ölkəsinə qayıtdıqdan sonra görüşü müsbət kimi təqdim etməyə çalışacaq. Lakin reallıqda Putinin açıqlamaları Ermənistan hakimiyyətinə qarşı soyuq münasibətin göstəricisidir.
Şərhçi əlavə edib ki, Putinin Rusiyada yaşayan ermənilərə Ermənistanda səsvermə hüququ verilməsi təklifi də siyasi məqsəd daşıyır:
“Bu addım Paşinyanın mövqeyini zəiflətməyə hesablanıb. Çünki Rusiyadakı erməni diasporunun mövcud hakimiyyəti dəstəkləməyəcəyi ehtimal edilir”.
Sonda ekspert istisna etməyib ki, Kremlin Ermənistandakı siyasi proseslərə təsiri daha da arta bilər:
“Putinin Paşinyanın əsas rəqiblərindən biri olan sabiq prezident Robert Köçəryanı Moskvaya dəvət etməsi ehtimalı da bu kontekstdə qiymətləndirilməlidir”.
Vural









