media-17894604225633821720_1200x630

Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul etməsi, ertəsi gün isə konfrans iştirakçılarının Ağdama səfər etməsi mühüm mesajlarla yadda qalıb.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev ERAmedia-ya açıqlamasında bildirib ki, Bakıda müzakirə olunan məsələlərin Qarabağda, xüsusilə Ağdamda davam etdirilməsi səfərin mahiyyətini daha konkret şəkildə ortaya qoyub.

Onun sözlərinə görə, konfransın Ağdam məscidində davam etdirilməsi təsadüfi seçim olmayıb. Vaxtilə şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının dini mərasimlərinin keçirildiyi Ağdam məscidi işğaldan sonra bərpa edilən ilk dini obyektlərdən biri kimi xüsusi simvolik məna daşıyır.

Əliməmməd Nuriyev qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi məlumata əsasən, azad edilmiş ərazilərdə indiyədək 12 məscid bərpa edilib və ya yenidən qurulub:

“Dini liderlərin Qarabağ səfəri zamanı onlar həm işğalın törətdiyi dağıntıların izlərini, həm də Azərbaycan tərəfindən həyata keçirilən bərpa işlərini yerində görmək imkanı əldə etdilər. Xüsusilə Ağdam məscidi və Xocalı Soyqırımı Memorialı bu baxımdan mühüm məkanlardır. Dağıntını da, bərpanı da yerində görmək həmin mənzərəni başqa məkanda verilən məlumatlardan daha aydın təsəvvür etməyə imkan verir”.

Fond rəhbərinin fikrincə, Azərbaycanın müxtəlif dini və regional platformalarda dini liderləri bir araya gətirməsi daha geniş əməkdaşlıq siyasətinin tərkib hissəsidir.

“Azərbaycanın Türk dünyası, Qafqaz xalqları və İslam aləmi ilə tarixi və mədəni bağları var. Bu əlaqələr bu gün İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əməkdaşlıq, Bakıda fəaliyyət göstərən İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi və İƏT-in Əmək Mərkəzi kimi platformalar vasitəsilə də inkişaf etdirilir”, – deyə Əliməmməd Nuriyev vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin dini liderlərlə görüş zamanı sülh və barışıq çağırışı etməsi müsəlman ölkələri arasında fikir ayrılıqlarının mövcud olduğu indiki mərhələdə diqqətçəkən mesajdır.

Əliməmməd Nuriyev Azərbaycanın islamofobiya məsələsini beynəlxalq müzakirələrdə gündəmdə saxladığını da qeyd edib. Onun sözlərinə görə, 2025-ci ildə Bakıda bu mövzuya həsr olunmuş konfransın keçirilməsi Azərbaycanın bu istiqamətdəki yanaşmasının nümunələrindən biridir.

“Qarabağda dağıdılmış məscidlərin taleyi dini və mədəni irsin qorunması ilə bağlı beynəlxalq müzakirələrdə də diqqətdə saxlanılmalıdır. Ağdam məscidinin bərpa edilməsi mühüm addımdır. Bununla yanaşı, işğalın şəhərdə yaratdığı izlər də hələ görünür. Dini liderlərin Qarabağ səfəri onlara bu iki reallığı eyni məkanda görmək imkanı verdi”, – deyə Əliməmməd Nuriyev bildirib.

Onun fikrincə, səfərin əhəmiyyətini qiymətləndirərkən əsas məqam məhz budur: Ağdamda həm dağıntının nəticələri, həm də bərpa və yenidənqurma prosesi eyni vaxtda müşahidə olunur.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər