media-videoedited
media-qazax-milli-pedaqoji-universiteti-18-07-2022-15
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bu gün milli tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən birini – Dövlət Suverenliyi Gününü böyük iftixar hissi ilə qeyd edirik. Prezidentimizin müvafiq Sərəncamı ilə həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təntənəli şəkildə qeyd edilən 20 sentyabr tarixi olduqca əlamətdardır və ölkəmizin suverenliyinin tam bərpasını təcəssüm etdirən milli qürur günüdür.

ERAmedia – ya açıqlamasında bu sözləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

O bildirib ki, iki il bundan əvvəl – 2023-cü ilin sentyabrın 20-də Xankəndi şəhəri, eləcə də ətraf bölgələr üzərində dövlət nəzarəti birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində təmin edildi. Bu tarixi zəfər məhz 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin məntiqi davamı və Azərbaycanın siyasi, hərbi və diplomatik iradəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun yenilməz gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində 30 illik işğala son qoyulub və tarixi ədalət bərpa olunub. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursu hazırda yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir, Azərbaycan tam müstəqil, tam suveren və bütöv bir dövlət kimi hərtərəfli inkişaf yolunda dinamik şəkildə irəliləyərək regionda lider mövqeyini daha da gücləndirib.

Eyni zamanda, işğaldan azad edilmiş əzəli yurdlarımızın sürətlə dirçəlməsinə və çiçəklənməsinə, burada həyatın canlanmasına, xüsusilə tarixi Zəfərimizin memarı, qalib liderimizin iştirakı ilə möhtəşəm açılışlara şahidlik etmək olduqca qürurvericidir. Çox qısa müddət ərzində doğma Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri məhz dövlətimizin gücünü və iradəsini əks etdirən tarixi missiyadır.

Bu prosesin mühüm tərkib hissələrindən biri kimi Prezidentimizin müvafiq Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması və fəaliyyətə başlaması strateji əhəmiyyət daşıyır. Qürurvercidir ki, Qarabağ Universitetinin açılışı 2024-cü ilin 20 sentyabr tarixində, məhz Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyevin iştirakı ilə reallaşdı. Dövlət başçısının universitetin açılışı mərasimində qeyd etdiyi kimi, “Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir”. Həqiqətən də bu, sadəcə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlaması deyil, doğma yurdlarımıza zəngin elm, təhsil və mədəni ənənələrimizlə qayıdışın rəmzidir. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatını ödəmək və tarixən mövcud olmuş təhsil ənənələrini yaşatmaq məqsədilə təsis edilən Qarabağ Universiteti dövlətimizin bölgənin bərpasına sadəcə fiziki infrastruktur layihələri çərçivəsində deyil, həm də bilik, intellekt və yaradıcılıq potensialının inkişafına əsaslanan kompleks yanaşmasının parlaq təcəssümüdür.

Rektor qeyd edib ki, artıq Qarabağ Universiteti özünün ikinci tədris ilinə qədəm qoyub. Cari il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı universitetimiz üçün yeni tədris ilinin başlanması ərəfəsində ən əlamətdar hadisə oldu. Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılan və qısa müddətdə istifadəyə verilən Qarabağ Universitetinin Klinikası tibb sahəsi üzrə qabaqcıl tədris mühitinin formalaşdırılmasına imkan yaradıb.

Hazırda 2100-dən çox tələbəsi və 400-ə yaxın əməkdaşı ilə işğaldan azad edilmiş bölgələrdə fəaliyyət göstərən ilk və yeganə ali təhsil müəssisəsi olan Qarabağ Universiteti daşıdığı ali missiyanın məsuliyyətini aydın şəkildə dərk edir. Qarabağ Universiteti ailəsi özünü Azərbaycanın suverenliyi naminə formalaşmış milli iradənin daşıyıcısı və gələcək nəsillərə ötürücüsü kimi görür. Qarşıda duran əsas vəzifəmiz – gənc nəslin milli ruhda və vətənpərvər şəkildə yetişdirilməsi, müstəqil və suveren ölkəmizin hərtərəfli və dayanıqlı inkişafına töhfə verən müasir düşüncəli və yüksək ixtisaslı kadr kimi formalaşdırılmasıdır.

“Bu əlamətdar tarix – Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü münasibətilə Qarabağ Universiteti ailəsi olaraq xalqımıza təbriklərimizi çatdırır, sülh, əmin-amanlıq və rifah arzulayırıq. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canından keçmiş bütün qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhları qarşısında baş əyirik”, – deyə Ş.Bayramov əlavə edib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər