media-1721296991_ca11ca25-eab8-3c62-98e5-9d5c033ed0c8_850

Ermənistanın baş naziri Nikol Paşinyanın təqdim etdiyi yeni dövlət proqramında “Qarabağ hərəkatı” və onun ideologiyasının yer almaması, əvəzində “Real Ermənistan” konsepsiyasının önə çəkilməsi İrəvanın siyasi kursunda dəyişiklik görüntüsü yaratsa da, sonrakı addımlar bu yanaşmanın səmimiliyini şübhə altına alır.

ERAmedia-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev səsləndirib.

Deputat bildirib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinə qarşı Ermənistan Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının təşkil etdiyi kampaniyalar, eləcə də orduda həyata keçirilən təyinatlar tamamilə fərqli reallıqdan xəbər verir.

Onun sözlərinə görə, Ermənistanın mövcud reallığı ilə Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası arasında kəskin fərq açıq şəkildə görünür.

Sahib Alıyev diqqətə çatdırıb ki, bu ziddiyyətin nümunələrindən biri oktyabrın 19-da baş tutan təyinatdır. Belə ki, Xankəndidəki keçmiş hərbi xuntanın sonuncu “təhsil naziri” Norayr Mkrtçyan Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Deputat qeyd edib ki, Mkrtçyan bundan əvvəl qondarma qurumun “Müdafiə Ordusu” komandanının mənəvi-psixoloji işlər üzrə müavini vəzifəsində çalışıb.

O, həmçinin xatırladıb ki, bu il avqustun 31-də Qarabağda diviziya komandirinin müavini kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş Samvel Qriqoryan Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri təyin olunub.

Sahib Alıyevin fikrincə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın da Qarabağ keçmişinin olması orduda revanşist və münaqişəyönümlü yanaşmanın qorunub saxlanıldığını göstərir.

Deputat vurğulayıb ki, bu təyinatlar təkcə ayrı-ayrı hərbçilərin karyera yüksəlişi kimi qiymətləndirilməməlidir. Onlar, eyni zamanda, Qarabağ mirasının Ermənistanın dövlət institutlarına inteqrasiya olunduğunu deməyə əsas verir.

Sahib Alıyevin yanaşmasına görə, İrəvanın sülh gündəliyi ilə bağlı bəyanatlarının nə dərəcədə real olduğunu qiymətləndirmək üçün yalnız siyasi ritorikaya deyil, həm də dövlət qurumlarında həyata keçirilən kadr siyasətinə diqqət yetirmək lazımdır.

Vural


media-adspc

Bənzər xəbərlər