Qarabağın gizli xəzinəsi: Vəngili kəndi haqqında bilmədiklərimiz
Ağdərə rayonu, Vəngili kəndi Qarabağın ən qədim yaşayış məntəqələrindən biridir. Tarixi mənbələrə görə, “vəng” sözü qədim türk dillərində “məbəd”, “monastır” və ya “kilsə” mənasını verir. Bu baxımdan “Vəngili” kəndi “məbədi olan yer” kimi izah olunur.
Burada qədim Qafqaz Albaniyası dövrünə aid nadir abidələrdən biri – Gəncəsər monastırı yerləşir. Bu fakt ərazinin qədimdən yaşayış yeri olduğunu bir daha təsdiqləyir.
Gəncəsər monastırı uzun illər Alban katolikosluğunun əsas iqamətgahı olmuşdur. Buna görə də bu ərazi tarix boyu yalnız səyyahların deyil, həm də zəvvarların tez-tez ziyarət etdiyi məkanlardan biri kimi tanınıb.
Monastırın günbəzi və divarları üzərində həm türk, həm də xristian inanclarını əks etdirən müxtəlif damğalar və təsvirlər mövcuddur. Burada insan başları, öküz və şir fiqurları ilə yanaşı, qədim alban memarlığına xas həndəsi ornamentlərə də rast gəlinir. Bu təsvirlər xristianlıqdan əvvəlki inanclarla xristian simvollarının vəhdətini göstərir.
Vəngili kəndi ətrafındakı meşələrdə Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş bir sıra nadir ağac növləri, xüsusilə qədim çinar və fıstıq ağacları mövcuddur. Bəzi ağacların yaşı kəndin öz tarixindən belə qədim hesab olunur.
Ərazi həm də zəngin təbii müalicəvi bitkiləri ilə seçilir. Bu səbəbdən burada qədimdən arıçılıq inkişaf etmişdir. Vəngili balı yalnız yerli əhali arasında deyil, xarici səyyahlar arasında da məşhur olmuşdur.
Rəvayətlərə görə, Gəncəsər monastırından kəndin müxtəlif istiqamətlərinə və yaxınlıqdakı Xaçın çayına çıxan gizli yeraltı tunellər mövcud olmuşdur. Bu tunellər mühasirə zamanı həm qaçış yolu, həm də su təminatı üçün istifadə edilirmiş.
Kəndin ərazisi əsrarəngiz təbiəti ilə seçilir. Buradan axan Vəngili çayı bol sulu Xaçın çayına qovuşaraq su, torpaq və meşənin möhtəşəm vəhdətini yaradır.
Vaxtilə bölgəyə səfər edən səyyahların qeydlərinə əsasən, kəndin ətrafındakı qayalıqlarda qədim alban hökmdarlarının xəzinələrinin gizlədildiyi iddia olunur. Hətta kənd yaxınlığında “Gümüş qaya” adlanan bir məkan var ki, yerli sakinlər burada lənətlənmiş xəzinənin olduğuna inanırlar.
Vəngili kəndi turizm baxımından son dərəcə cəlbedici məkanlardan biridir. Buraya gələn insan bu təbiətin və tarixin harmoniyası qarşısında valeh olur və sanki burada qalmaq, ömürlük yaşamaq istəyir.
Zaur Əliyev









