Qaraçuqda sakinlərin səyyar qəbulu keçirilib - FOTO
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşlarla ilin ilk səyyar qəbulunu keçirib.
ERAmedia xəbər verir ki, qəbula başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşılmasının, qaldırılan məsələlərin araşdırılaraq həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. O, Zəngəzur dəhlizinin açılmasının ölkəmizin, o cümlədən Naxçıvanın turizm və məşğulluq potensialının inkişafında mühüm strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün məsul şəxslərə müvafiq tapşırıqlar verilib, icrası vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. Səlahiyyətlərə aid olmayan məsələlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydiyyata alınıb.










