Qaraxanbəylidə vətəndaş qəbulu keçirilib
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
ERAmedia xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən mülkiyyət hüququ pozulduğu üçün əvəzində torpaq sahəsi və ya kompensasiya verilməsindən, müvafiq iş ilə təmin olunmasından, mülkiyyətində olan fərdi yaşayış sahəsində mağaza tikintisinə icazə verilməsindən, qəzalı vəziyyətdə olan evinin təmirinə köməklik göstərilməsindən, sökülməkdə olan çoxmənzilli yaşayış binasında yerləşən mənzilinin sənədləşdirilməsinə köməklik göstərilməsindən, quşçuluq təsərrüfatı ilə məşğul olması üçün torpaq sahəsinin verilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri ilə bağlı onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.