media-1787482568384058608_1200x630

Qardaşlıq necə dostluğa çevrilir, xalqların və dövlətlərin həyatında böyük tarixlər necə yaranır və onları kimlər yaradır?

Milli Məclisin sədr müavini Musa Qasımlı ERAmedia-ya açıqlamasında bu suallara Azərbaycan və Özbəkistan münasibətlərinin timsalında aydınlıq gətirib.

Musa Qasımlı bildirib ki, qardaşlar bəzən dost olmurlar, bəzən isə kökləri eyni olmasa belə, qurulan möhkəm dostluq münasibətləri qardaşlığa çevrilir. Onun sözlərinə görə, tarixdə kökləri eyni olan xalqların və ölkələrin bir-biri ilə müharibə etdiyinə dair çoxsaylı nümunələr var. Lakin əsl qardaşlıq və möhkəm dostluq şəraitində xalqlar və dövlətlər hərb, siyasət və diplomatiya meydanlarında qarşı-qarşıya gəlmir, yalnız idman meydanlarında rəqabət aparırlar.

Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin qardaş Özbəkistana dövlət səfəri bu sualların cavabını bir daha ortaya qoyub. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanması uzun illər arzusu olan reallığın gerçəkləşməsi baxımından mühüm tarixi hadisədir.

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səfərlə bağlı səsləndirdiyi fikirlər də bu tarixi əhəmiyyəti aydın şəkildə ifadə edir. O bildirib: “Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri mübaliğəsiz tarixi əhəmiyyət daşıyır. Biz bu barədə bu gün dəfələrlə danışdıq, çünki imzaladığımız bütün sənədlər, razılaşdığımız bütün məsələlər ikitərəfli əməkdaşlıq üçün tarixi hadisələrdir. Bu gün biz Əbədi dostluq haqqında Müqavilə imzaladıq””, – deyə Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, kökləri minilliklərə gedib çıxan iki qardaş xalq arasında Əbədi dostluğa dair imzalanan sənəd Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü reallığını əks etdirməklə yanaşı, gələcək uğurların da möhkəm təməlini yaradır.

Musa Qasımlı diqqətə çatdırıb ki, qardaş qardaşının uğuruna sevinər. Özbəkistan Prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də məhz bu qardaş sevincinin ifadəsidir:

“Özbəkistanda qardaş Azərbaycanın hər bir uğuruna, onun davamlı iqtisadi inkişafına və artan beynəlxalq nüfuzuna həmişə səmimi-qəlbdən sevinirik. İlham Heydər oğlunun siyasi kursunun məqsədyönlülüyünü xüsusilə qeyd etmək istərdim. Bu kurs sayəsində ölkənin bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülhə və sabitliyə nail olmaq mümkün olub. Qədim Qarabağ torpağı yenidən dirçəlir. Burada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir”.

Milli Məclisin sədr müavini vurğulayıb ki, bu fikirlər yalnız qardaş ölkənin Azərbaycanın uğurlarına sevincini ifadə etmir, eyni zamanda Azərbaycan xalqının tarixində və taleyində Prezident İlham Əliyev şəxsiyyətinin və onun həyata keçirdiyi siyasətin mühüm rolunu təsdiqləyir.

“Xalqların və dövlətlərin həyatında böyük tarixlər məhz belə yaradılır. Böyük tarixləri yaratmağı isə yalnız böyük tarixi şəxsiyyətlər bacarırlar. Yazanların və şərh edənlərin borcu həmin tarixi olduğu kimi, obyektiv şəkildə cəmiyyətə çatdırmaqdır”, – deyə Musa Qasımlı qeyd edib.


media-adspc

Bənzər xəbərlər