Qaxda canavarlar qoyun sürüsünə hücum edib
Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş heyvanı parçalayıb.
ERAmedia-nın məlumatına görə, rayonun Meşəbaş kəndi ərazisində qoyun sürüsünə canavarların hücumu qeydə alınıb. Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşı Rövşənə məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum çəkib. Çobanların səs-küy salmasına baxmayaraq, canavarlar 3 baş qoyunu sürüdən aparıb, daha 2 qoyunu isə yerindəcə parçalayaraq tələf edib. Təsərrüfat sahibinin sözlərinə görə, hadisə zamanı qoyunları otaran 2 nəfər olsa da, bütün cəhdlərə baxmayaraq, canavarların hücumu zamanı heç nə edə bilməyiblər.
Elşən Omarovun sözlərinə görə, canavar hücumu nəticəsində onlara 1600-1700 manat zərər dəyib. Zərərçəkmiş onu da əlavə edib ki, hadisə ilə bağlı baytarlıq xidmətinə məlumat veriblər.










