Qəbələ Zirvə Görüşü yalnız iqtisadi və siyasi platforma deyil, həm də mədəni, mənəvi birliyin təntənəsidir
Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilmiş XII Zirvə Görüşü təşkilatın yalnız regional yox, eyni zamanda, qlobal arenada təsir gücünü artırmaq istiqamətində atdığı strateji addımların ən mühüm göstəricisidir. Bu Zirvə Görüşü TDT-nin beynəlxalq sistemdə artan çəkisini, strateji ideyalarını və perspektiv proqramlarını açıq şəkildə ortaya qoydu. Qəbələ Bəyannaməsi isə bu inkişafın rəsmi ifadəsi olmaqla, həm iqtisadi, həm də siyasi və hərbi əməkdaşlıq sahələrində konkret hədəfləri təsdiqləyir.
ERAmedia-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. Onun sözlərinə görə, əsas diqqət çəkən məqam TDT-yə üzv dövlətlərin hərbi və təhlükəsizlik sahəsində birgə fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı təşəbbüslərin irəli sürülməsidir. Azərbaycan Prezidentinin 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü bu istiqamətdə həmrəylik və kollektiv müdafiə modelinin gücləndirilməsinə xidmət edir. Bu, təşkilatın yalnız iqtisadi və diplomatik platforma kimi deyil, həm də strateji güc mərkəzi kimi mövqeyini möhkəmləndirir.
“Eyni zamanda, budəfəki Zirvə Görüşü Türk dünyasında nəqliyyat-logistika və enerji sahələrində inteqrasiyanın dərinləşdirilməsinə ciddi təkan verdi. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində mərkəzi rolunun və bərpaolunan enerji sahəsindəki liderliyinin tanınması TDT-nin regionda dayanıqlı inkişaf və enerji təhlükəsizliyi siyasətində nüfuzunu artırır.
Qəbələ Zirvə Görüşü həm də regional sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanın təşəbbüskarlığını və nüfuzunu bir daha ortaya qoydu. Azərbaycanın Ermənistanla sülh təşəbbüsləri, Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması, həmçinin TDT-nin bu proseslərdə oynadığı rol təşkilatın beynəlxalq hüquqa və regional dayanıqlılığa verdiyi önəmi göstərir. Bu, yalnız siyasi mövqeyin gücləndirilməsi deyil, həm də Türk dünyasının gələcək geosiyasi dayaqlarının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bundan başqa, TDT-nin iqtisadi və investisiya imkanları XII Zirvə Görüşündə xüsusi vurğulandı. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında yaradılmış birgə fondlar, həmçinin 20 milyard ABŞ dollarından artıq sərmayə regional iqtisadi inteqrasiyanın təməllərini qoyur. Bu fondlar vasitəsilə enerji, nəqliyyat və yaşıl enerji sahələrində reallaşdırılacaq layihələr təşkilatın qlobal iqtisadi arenada söz sahibi olmasına imkan yaradır”, – deyə Milli Məclisin deputatı vurğulayıb.
O, sonda qeyd edib ki, TDT-nin Qəbələ Zirvə Görüşü yalnız iqtisadi və siyasi platforma deyil, həm də mədəni, mənəvi birliyin təntənəsidir. Qarabağın və Şərqi Zəngəzurun bərpası layihələri, ortaq tarix, dil və mədəniyyətə verilən önəm Türk dünyasının gələcək nəsillərə davamlı miras qoymaq niyyətini əks etdirir. XII Zirvə Görüşü və imzalanmış Qəbələ Bəyannaməsi sübut edir ki, Türk Dövlətləri Təşkilatı artıq ideyadan reallığa çevrilmiş qlobal geosiyasi və iqtisadi aktor olmaqla yanaşı, mədəni və mənəvi dayaqları olan güclü bir birlikdir.