Qədim Spartada ailə, tərbiyə və vətənpərvərlik ənənələri - Maraqlı detallar
Təhsil eksperti Etibar Əliyev qədim Sparta cəmiyyətinin həyat tərzi, tərbiyə sistemi və mənəvi dəyərləri haqqında fikirlərini bölüşüb.
ERAmedia-nın məlumatına görə, Etibar Əliyevin açıqlamasında spartalıların ailə münasibətləri, qadınların cəmiyyətdəki mövqeyi, gənclərin tərbiyəsi, yaşlılara hörmət və vətənə sədaqət ənənələri əks olunub.
Mətnə görə, qədim Spartada ər-arvad sədaqəti məsələsi cəmiyyətin həyat tərzi ilə əlaqələndirilirdi. Afinalının spartalıdan xəyanətə görə cəza olub-olmadığını soruşmasına verilən cavab bu düşüncəni ifadə edir: “Elə öküzü qurban vermək lazımdır ki, Tayhet dağında dayandığı halda Avrot düzündən su içsin”. Spartalının ardınca verdiyi sual isə belə olur: “Bəs Spartada ər-arvad xəyanəti olurmu?”
Spartalı qadınlar Yunanıstanın bir çox başqa bölgələrindəki qadınlardan fərqli olaraq, daha sərbəst mövqeyə malik idilər. Onlar güclü, dözümlü və cəsarətli yetişdirilir, cəmiyyətdə söz sahibi olurdular. Spartalı qadın haqqında deyilən “Yalnız Spartada ərlər arvadlarına qulaq asırlar” fikrinə bir qadın belə cavab vermişdi: “Çünki yalnız Spartada qadınlar əsl ərlər doğurlar”.
Vətənə sədaqət və qələbə naminə fədakarlıq da spartalıların əsas dəyərlərindən sayılırdı. Rəvayətə görə, beş oğlunu döyüşə göndərən bir ana onların həlak olduğu xəbərini eşidəndə qələbənin kimə nəsib olduğunu soruşur. Spartalıların qalib gəldiyini öyrəndikdə isə belə deyir: “Onda mən xoşbəxtəm ki, onlar qələbə üçün həlak olublar”.
Qədim Spartada uşaqların tərbiyəsinə xüsusi əhəmiyyət verilirdi. Rəvayətə əsasən, yeni doğulmuş körpələr ağsaqqallar şurasına təqdim olunur, onların sağlamlığı yoxlanılırdı. Spartalıların tərbiyə sistemində fiziki hazırlıq, güc, dözümlülük və döyüş bacarıqları mühüm yer tuturdu. Onların yanaşması belə ifadə olunurdu: “Spartaya atletlər deyil, döyüşçülər lazımdır”.
Gənclərə yaşlılara hörmət etmək də aşılanırdı. Olimpiya oyunları zamanı özünə oturmağa yer tapa bilməyən qoca tamaşaçının qarşısında spartalı yeniyetmələrin ayağa qalxaraq ona yer verməsi bu ənənənin nümunəsi kimi təqdim olunur. Hadisəni izləyən qoca belə deyir: “Bütün yunanlar bilir ki, yaxşı nədir, ancaq təkcə spartalılar yaxşı hərəkət etməyi bacarırlar”.
Spartalıların tərbiyəsində sadəlik, təmkin və qısa, məzmunlu cavab vermək bacarığı da xüsusi yer tuturdu. Onlar boş sözlərdən və mənasız müqayisələrdən uzaq durmağa çalışırdılar. Bir qonağın bir ayağı üstündə ondan daha çox dayana biləcəyini deyən spartalı isə belə cavab verir: “Mənim qazım isə səndən də çox dayanar”. Bülbül kimi oxuyan müğənniyə qulaq asmaq təklifinə isə “Mən bülbülün özünü eşitmişəm” deyə cavab verir.
Mətnin sonunda Sparta zəiflədiyi dövrə aid hadisə də xatırladılır. Makedoniya çarı spartalıları məğlub etdikdən sonra onlardan əlli gənci girov götürməyi tələb edir. Spartalıların cavabı isə onların tərbiyə ənənələrinə münasibətini göstərir: “Yaxşısı budur, böyükləri götürün, biz istəmərik ki, gənclərimiz bizə Spartasayağı tərbiyə görməmiş kimi qayıtsınlar”.
Mələk Onur










