Qədim Yunanıstanda düşüncə inqilabı: Fəlsəfənin dönüş nöqtəsi – AÇIQLAMA
Qədim Yunan fəlsəfəsinin ilkin mərhələsində insanın diqqət mərkəzində ictimai uğur, şöhrət və tanınma dayanırdı. Bu şəraitdə kütlə qarşısında çıxış etmək, mübahisələrdə qalib gəlmək və fikrini əsaslandırmaq bacarığı xüsusi əhəmiyyət qazanmışdı.
Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, məhz bu ehtiyaclar sofistlərin meydana çıxmasına səbəb olub. Onun sözlərinə görə, sofistlər mübahisə sənətini öyrədən ilk peşəkar müəllimlər kimi çıxış edərək ritorika, qrammatika, stilistika və polemika bacarıqlarını sistemli şəkildə tədris edirdilər.
Sabiq deputat qeyd edib ki, sofistlərin fərqli cəhətlərindən biri də tədrisə görə ödəniş tələb etmələri idi: “Onlar Qədim Yunanıstanda bilikləri kommersiya predmetinə çevirən ilk mütəfəkkirlər sayılır. Bu isə fəlsəfənin sosial rolunu daha da artırdı.”
Etibar Əliyev vurğulayıb ki, həmin dövrdə davamlı siyasi və sosial dəyişikliklər insanları sabit və dəyişməz prinsiplərdən uzaqlaşdırırdı: “Bu reallıq sofistlərin əsas ideyasını formalaşdırdı. Onlar hesab edirdilər ki, həqiqət də daxil olmaqla hər şey nisbidir. Bu yanaşma fəlsəfədə relyativizm kimi tanınır.”
Onun fikrincə, sofistlərin ən görkəmli nümayəndəsi Protaqor olmuşdur. “Protaqorun ‘İnsan hər şeyin meyarıdır’ fikri sofist təliminin mahiyyətini tam ifadə edir. Bu yanaşmaya görə, həqiqət insanın şəxsi baxış bucağından asılıdır,” – deyə o əlavə edib.
Sabiq deputat bildirib ki, Protaqorun düşüncələri dövrü üçün kifayət qədər radikal idi: “Onun ‘Allahın varlığı və yoxluğu haqqında heç nə bilmirəm’ fikri cəmiyyətdə ciddi narazılıq yaratmış və nəticədə o, Afinadan qovulmuşdu.”
Etibar Əliyev həmçinin diqqətə çatdırıb ki, sofistlərin bu yanaşması müəyyən mənada praktik həyat üçün faydalı olsa da, fəlsəfəni həqiqət axtarışından uzaqlaşdırırdı.
“Belə bir məqamda fəlsəfəyə Sokrat kimi böyük mütəfəkkir daxil oldu. O, fəlsəfəni yenidən həqiqət və əxlaq axtarışına yönəltdi və yeni metodlarla onun inkişafında dönüş yaratdı,” – deyə o, fikrini yekunlaşdırıb.
Vüsalə









