“Qəlblərimiz Zəfərlə döyünür” tibbi aksiyası keçirilir
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Qəlblərimiz Zəfərlə döyünür” adlı tibbi aksiyaya start verilib.
ERAmedia -ya Nazirliyin mətbuat xidmətindən bildirilib ki, aksiyada muxtar respublikanın müxtəlif rayonlarında yerləşən 7 Ailə Sağlamlıq Mərkəzində (ASM) əhalinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi ürək-damar xəstəliklərinin erkən aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi və əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasından, eyni zamanda, sağlam həyat tərzinin geniş şəkildə təşviq olunmasından ibarətdir.
Qeyd edək ki, bir həftə davam edəcək aksiya çərçivəsində Şərur rayonu üzrə Cəlilkənd, Ordubad rayonu üzrə Vənəd, Babək rayonu üzrə Nehrəm, Sədərək rayonu üzrə Dəmirçi, Kəngərli rayonu üzrə Qarabağlar, Culfa rayonu üzrə Qazançı və Şahbuz rayonu üzrə Kükü ASM-lərdə sakinlərin müayinələri aparılacaq. Burada vətəndaşlara kardioloji müayinələr, qan təzyiqi, qanda şəkər səviyyəsinin yoxlanılması kimi profilaktik tədbirlər həyata keçiriləcək.