Qərbi Azərbaycan folkloru təkcə bir bölgənin deyil, bütövlükdə xalqımızın mədəni yaddaşının mühüm parçasıdır-Hikmət Quliyev
Qərbi Azərbaycan folkloru təkcə bir bölgənin deyil, ümum-Azərbaycan mədəni yaddaşının mühüm parçasıdır. Bu istiqamətdə aparılan tədqiqatlar həm xalq yaddaşının bərpası, həm də tarixi-mədəni irsimizin aktuallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
ERAmedia xəbər verir ki, bu fikri AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Qərbi Azərbaycan Televiziyasının “Ziyalı” proqramında söyləyib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın dəvəti ilə proqramda iştirak edən Hikmət Quliyev çıxışında Qərbi Azərbaycan bölgəsinin zəngin folklor irsinin sistemli şəkildə toplanılması, nəşri və tədqiqi istiqamətində Folklor İnstitutunda həyata keçirilən çoxşaxəli işlərdən danışıb.
Professor Mahirə Hüseynovanın moderatorluğu ilə keçirilən söhbət zamanı Qərbi Azərbaycan folklorunun arxivləşdirilməsi, ekspedisiya materiallarının rəqəmsallaşdırılması, yeni nəşr planları və elmi əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Sonda Hikmət Quliyev elmi, mədəni və strateji baxımdan böyük əhəmiyyətə malik mövzunun müzakirəsinə görə professor Mahirə Hüseynovaya təşəkkürünü bildirib.