Qəribə oğurluq hadisəsi: Kitab oxuyarkən tutuldu
İtaliyada qəribə oğurluq hadisəsi baş verib.
ERAmedia xəbər verir ki, İtaliyada 38 yaşlı bir kişi oğurluq məqsədi ilə bir mənzilə eyvandan girib. Onun planı evdən qiymətli əşyaları götürmək olub.
Lakin evin içində gözlənilməz bir şey baş verir. Oğru yataq otağında stolun üzərində Giovanni Nucci-nin “Gli dèi alle sei” (“Tanrılar saat altıda”) adlı kitabını görür. Qədim yunan mifologiyası və Homerin “İliada” əsərinə istinad edən kitab onun diqqətini dərhal cəlb edir.
Bir neçə dəqiqə içində planını unudan oğru kitabı oxumağa başlayır və çarpayıya uzanaraq səhifələrə dalır. Oxuduqlarına o qədər qapılır ki, ətrafda baş verənləri belə hiss etmir.
Bu vaxt ev sahibi 71 yaşlı qadın yuxudan oyanır və otağında tanımadığı bir adamın kitab oxuduğunu görür. O, dərhal polisə məlumat verir.
Hadisə yerinə gələn polis əməkdaşları oğrunu hələ də kitabı oxuyarkən tapırlar. Məlumata görə, kişi oxumağa o qədər aludə olmuşdu ki, müdaxiləni belə gec anlayır.
Daha sonra saxlanılan şəxs ifadəsində sadəcə evə baxmaq üçün girdiyini, amma kitabın onu çox maraqlandırdığını bildirib. Ona qarşı mənzil toxunulmazlığının pozulması və oğurluğa cəhd ittihamları irəli sürülüb.
İtaliya mediası isə bu qəribə hadisəni zarafatla “ən mədəni oğru” kimi təqdim edib. Kitabın müəllifi Giovanni Nucci isə məsələyə yumorla yanaşaraq, həmin şəxsə kitabın qalan hissəsini göndərmək istədiyini deyib və onun hekayəni tam oxumasını arzulayıb.
Vüsalə










