media-whatsapp-image-2026-10-20-at-10-08-23

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT-Biznes əməkdaşlığına həsr olunan yeni tədqiqat hesabatı hazırlanıb.

ERAmedia-nın məlumatına görə, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, hesabat “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən icra olunan “QHT-Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.

Onun sözlərinə görə, hesabat biznes sektoru ilə vətəndaş cəmiyyəti arasında münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın inkişafına mane olan amilləri, qanunvericilik mühitini və gələcək tərəfdaşlıq imkanlarını əhatə edir.

Tədqiqat çərçivəsində 98 QHT və 50 şirkət arasında sorğu keçirilib, 10 biznes nümayəndəsinin iştirakı ilə fokus qrup təşkil olunub. Bununla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələri və beynəlxalq təcrübə təhlil edilib.

Hesabatda əldə olunan nəticələr əsasında QHT-lərlə biznes strukturları arasında əməkdaşlığın gücləndirilməsinə, sosial məsuliyyət təşəbbüslərinin genişləndirilməsinə və birgə layihələrin təşviqinə yönələn təkliflər də yer alıb.

Tədqiqatın QHT-lər və biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişafına, mövcud maneələrin müəyyənləşdirilməsinə və sosial məsuliyyət sahəsində daha səmərəli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasına töhfə verməsi nəzərdə tutulur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər