media-qizil-780x470

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad aləti kimi mühüm rol oynayır.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili qızılın məhdud olmasının onun etibarlı yatırım və təhlükəsiz liman kimi daim yüksək tələbat görməsinin əsas səbəblərindən biri olduğunu bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə dünya iqtisadiyyatındakı qeyri-müəyyənliyə investorların reaksiyası nəticəsində qızıl son illərin ən güclü yüksəlişlərindən birini göstərərək 50 faizdən çox bahalaşıb.

Tahir Mirkişili qeyd edib ki, indiyədək dünyada təxminən 216 min ton qızıl hasil edilib. Yerin altında isə təqribən 64 min ton qızıl ehtiyatının qaldığı bildirilir.

Deputatın sözlərinə görə, indiyədək hasil edilmiş bütün qızıl – təxminən 216 min ton – əridilərək bir yerə toplansaydı, hündürlüyü cəmi 22 metr, yəni təxminən dördmərtəbəli bina qədər olan bir kub yaranardı.

Dünyada iqtisadi cəhətdən səmərəli şəkildə hasil edilə bilən təsdiqlənmiş qızıl ehtiyatlarının ümumi həcmi isə təxminən 64 min tondur. Bu miqdar hündürlüyü 15 metr olan daha kiçik kub təşkil edərdi.

Tahir Mirkişili bildirib ki, indiyədək hasil edilmiş qızılın təxminən 45 faizi zərgərlik məmulatlarında, 22 faizi isə külçə və sikkələr formasında istifadə olunur.

Onun sözlərinə görə, qızılın təxminən 17 faizi mərkəzi bankların sərəncamındadır. Mərkəzi banklar qızıldan inflyasiya və geosiyasi qeyri-sabitliyə qarşı strateji qorunma vasitəsi kimi istifadə edirlər.

Deputat əlavə edib ki, qızıl texnologiya və digər sənaye sahələrində də geniş tətbiq olunur. Xüsusilə elektronika və aerokosmik avadanlıqların istehsalında qızıldan istifadə edilir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər